“ABŞ-la dialoqun bərpası üçün ilkin əlamətlər hələ ki görsənmir”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, rəsmi Vaşinqton Moskva ilə dialoqu bərpa etmək üçün dövlətlərarası münasibətlərin sivil prinsiplərinə qayıtmalıdır: “Amma bunun əlamətləri hiss edilmir”.
Qeyd edək ki, Lavrov daha əvvəl ABŞ-ın bütün sərhədləri aşdığını söyləmişdi.
Ukraynada müharibə başlayandan etibarən Rusiya ilə Qərb arasındakı gərginliyin artdığını deyən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Kremlə Ukrayna məsələsində əsas drijorun ABŞ olduğunu yaxşı başa düşür:
"Ümumiyyətlə rəsmi Vaşinqton Ukrayna vasitəsilə Moskvanı sıxışdırmağa davam edir. Bu isə Rusiyada Amerikaya qarşı qəzəb yaradır. Çünki Kreml “tələyə düşdüyünü” yaxşı anlayır".
Analitik qeyd edib ki, əslində müharibə Qərblə Rusiya arasında gedir:
"Burada isə Qərbin atdığı addımlar daha təqdirəlayiqdir. Ona görə ki, Rusiya Ukrayna müharibəsi ilə bütün sərhədləri keçib. Başqa bir suveren dövlətin işlərinə qarışmaq yolverilməzdir. Bundan sonra münasibətlərin daha da gərginləşəcəyini düşünürəm.
Hətta bu yaxınlarda Lavrov bildirdi ki, ABŞ bütün sərhədləri aşır. Onun ardınca isə Putin ABŞ-ın bütün qırmızı xətləri keçdiyini söylədi. Yəni artıq Rusiya yaxşı başa düşür ki, o diqtə edən tərəf deyil və bu cür bəyanatlarla daxili auditoriyanı susdurmağa çalışır. Yaxın perspektivdə ABŞ Rusiya gərginliyini aradan qalxacağı gözlənilmir, hətta daha da artacaq. Digər tərəfdən müharibə davam etdikcə iki tərəfin də gücü tükənir.
Bu isə Amerikanın gələcəkdə rolunun artması deməkdir. Əgər güc tükənirsə ya Ukraynaya daha çox dəstək vermək lazımdır, ya da tamamilə kənara çəkilmək lazımdır. ABŞ-ın yaxın gələcəkdə bu iki seçim arasında qalacağı labüddür".