Ankara görüşü! -  “Azərbaycanın xeyrinə gəlişmələr ola bilər”

Türkiyədə səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Ankarada görüşü başa çatıb.
 Görüşdən sonra nazirlərin mətbuat konfransı başlayıb.
Mətbuat konfransı zamanı Çavuşoğlu bildirib ki, İstəyimiz tezliklə Azərbaycan və Ermənistan arasında əhatəli sülh sazişinin imzalanmasıdır:
“Biz Rusiya ilə məsləhətləşmələri davam etdirəcəyik”, - deyə o əlavə edib.
Qeyd edək ki, S.Lavrov Türkiyədə iki günlük səfərdədir.

Səfəri "Sherg.az"a dəyərləndirən AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı söyləyib ki, Lavrovun Türkiyə səfərində əsas müzakirə mövzusu Rusiya Ukrayna savaşındakı son vəziyyətlə bağlıdır:

"Yaxın günlərdə Çavuşoğlu da Rusiya və Ukraynanın genişmiqyaslı əməliyyatlara başlayacağı barəsində açıqlama verib. NATO-nun ikinci böyük ölkəsi olan Türkiyə XİN başçısının bu açıqlaması isə diqqətdən kənar qalmamalıdır. Bu açıqlamalardan sonra Lavrovun Türkiyəyə səfər etməsi, məhz genişmiqyaslı hərbi əməliyyatlarının qarşısını almağa hesablanıb. Biz mətbuat konfransından sonra hansı məsələlərin müzakirə olunduğunu görəcəyik. Hətta Lavrovun ardınca Ukrayna Xarici işlər nazirinin də Türkiyəyə səfəri olarsa, təəccüblənməməliyik. Çünki Türkiyə Rusiya və Ukrayna arasındakı savaşda, sülh əldə ediləcəyinə inanılan bir ölkədir. Hətta bu savaşda əsas söz sahibi olan dünyanın aparıcı dövlətləri belə, danışıqlarda əsas fiqur kimi Türkiyəni görürlər".
 
Analitik qeyd edib ki, görüş zamanı Cənubi Qafqazdakı vəziyyət də əsas müzakirə predmetlərindən biridir:

"Çünki regionda olan vəziyyət heç də ürəkaçan deyil. Xüsusən də Rusiya üçün. Həmçinin qardaş Türkiyənin də Cənubi Qafqaz barəsində planları var və regionda söz sahibi olmaq üçün gedən proseslərdə ön sırada yer alır. İkinci Qarabağ müharibəsindəki mövqeyindən sonra rəsmi Ankaranın regiondakı təsir gücü artıb.

 Bu səbəblə də, ikitərəfli görüşdə Qarabağdakı proseslər və Laçın yolundakı son vəziyyət barəsində də fikir mübadiləsinin aparılacağı istisna deyil. Çünki Qarabağdakı proseslərə qardaş Türkiyə və Azərbaycanın mövqeyi eynidir. Biz buna həm Prezident İlham Əliyevin, həm də Rəcəb Tayyib Ərdoğanın açıqlamalarında şahid olmuşuq. Ümumiyyətlə, Türkiyə və Azərbaycan hər zaman biri-birinin mövqelərini müdafiə edir. 

Həmçinin şübhəsiz ki,  Ermənistanın regiondakı məlum siyasəti də XİN rəhbərləri tərəfindən götür-qoy ediləcək. Ümumiyyətlə, bu görüşdən sonra Qarabağ ətrafındakı proseslərdə Azərbaycanın xeyrinə hansısa gəlişmələr ola bilər. Çünki Çavuşoğlu Azərbaycanın maraqlarını sona qədər müdafiə edəcək. 

Eyni zamanda nəzərə alsaq ki, son vaxtlarda Rusiya və Ermənistan arasındakı münasibətlərdə müəyyən çatlar əmələ gəlib. Hətta Paşinyan Qərbə meyillənir və Rusiyadan asılılıqdan qurtulmağa can atır. Bu fonda Lavrovun görüşdə Ermənistanın mövqeyini tam şəkildə müdafiə etməyəcəyini deyə bilərik".

Həmsöhbətimizin sözlərinə görə, görüşdə İran və Azərbaycan arasındakı gərginlikdən də söz açılacağı istisna deyil:

"Təbii ki, burada Lavrov İrandan yana çıxış edəcək. Çavuşoğlu isə Azərbaycanın maraqlarının müdafiəsinə çalışacaq. Azərbaycan və İran arasındakı gərginlik müzakirədə ilk üçlükdə olan mövzulardan biri hesab edilə bilər. Tehrandakı səfirliyimizə hücum, şəhərin mərkəzində baş verən atışma və azərbaycanlı deputata qarşı sui-qəsd cəhdi Çavuşoğlu ilə Lavrov tərəfindən danışıqlar masasına yatırılacaq. Bəlkə də, tərəflər Azərbaycan və İranın bir araya gələrək münasibətlərini düzəltməsi üçün müzakirə aparacaq və ondan sonra təkliflərini hər iki tərəfə də göndərəcəklər".