İrandakı rejim məqsədlərinə nail ola bilməyəcək

Azərbaycana xəyanət edənlər, dövlətini, xalqını satanlar son nəfərinədək ifşa olunmalıdır


  Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb. Qeyd olunub ki, İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq və dini təbliğat yolu ilə ələ alınmış bir qrup Azərbaycan vətəndaşının ölkə ərazisində sabitliyin pozulması məqsədilə törədəcəkləri cinayət əməllərinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.

Müəyyən edilib ki, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə “Kərimə” dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə fəaliyyət planı hazırlayıblar. Həmin planın bir hissəsi kimi Rufulla Axundzadə votsap, teleqram və digər mesajlaşma sistemlərində məxfi qruplar yaradıb. Bundan başqa, R.Axundzadə və oğlu Ə.Axundzadə həyatlarına sui-qəsdlərin təşkil edilməsi üçün vəzifəli şəxslərin və ictimai xadimlərin siyahısını, onların anket məlumatları, yaşayış və iş yerlərinin ünvanlarını qrup üzvlərinə təqdim ediblər. Bu məqsədlə o, odlu silah əldə etmək və “Molotov kokteyli” hazırlamaqla bağlı qrup üzvlərinə tapşırıqlar verib. Əməliyyat zamanı “Qısas 313” adlı qrupun 7 nəfər üzvü saxlanılaraq istintaqa təqdim ediliblər. Aydın olub ki, Rufulla Axundzadə adları sadalanan şəxsləri təlimatlandıraraq onları təsir dairəsində saxlamaq məqsədilə davamlı virtual görüşlər keçirib. Bu yolla o, dəstə üzvlərində radikal meyillərin daha da güclənməsinə şərait yaradıb. Çirkin əməllərinə müqəddəs "Qurani-Kərim"i də alət edərək ona and içiblər. R.Axundzadə dəstə üzvlərini "dini təhsil" almaq adı ilə İrana aparmaqla hərbi təlimlərə və qanunsuz silahlı-ekstremist təşkilatlara cəlb etməyi planlaşdırıb.

  Politoloq Azər Niftiyev "Şərq"ə açıqlamasında deyib ki, Azərbaycan dövlət müstəqilliyi əldən edəndən İran ölkəmizə qarşı çeşidli təxribatlarını davam etdirir. Xüsusən, son illərdə İranın Azərbaycana təzyiqləri daha da artıb. Bunun əsas səbəbi Azərbaycanın müstəqil, milli maraqlara söykənən xarici siyasət yürütməsi, geosiyasi sistemin tərkib hissəsi olması ilə bağlıdır. Ekspertə görə, digər səbəb isə Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyədə olmasıdır:

 "1993-cü ildən İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərirdi. 2023-cü ilin martında Azərbaycanın İsraildə diplomatik korpusu fəaliyyətə başladı. Mayın sonunda İsrail Prezidentinin Azərbaycana səfəri gözlənilir. İşğal dövründə və müharibə vaxtı Ermənistana dəstək verən Tehran hökuməti Zəfərdən sonra ermənilərə dəstəyini daha da artırıb. Çünki bölgədə yeni reallıqlar formalaşıb. 

Zəngəzur dəhlizinin açılması yönündə atılan addımlar da İranı ciddi narahat etməkdədir. Təbii ki, Tehran rejmində təşviş doğuran ciddi məqamlardan biri də Güney Azərbaycanda milyonlarla soydaşımızın varlığı və onların İrandakı etiraz aksiyalarında fəal iştirakıdır. Soydaşlarımız molla rejiminin bayrağı altında yaşamaq istəmirlər. Bütün avtoritar rejimlərə xas olan bir səciyyəvi xüsusiyyət var. Daxili narazılıqları səngitmək üçün xaricdə düşmən axtarışına çıxırlar. İran da Azərbaycanı özünə düşmən elan edib. Elə ona görə də ölkəmizdə casus şəbəkəsini formalaşdıraraq "kərimə dövləti" yaratmağa çalışır. Görünən odur ki, bu proses illərdir davam etməkdədir. Ölkə daxilində İranın xüsusi xidmət orqanlarına casusluq edən şəxslərin ifşa olunması, bir-bir zərərsizləşdirilməsi olduqca mühümdür. İran Azərbaycanda təxtibarlar, iğtişaşlar törətməyə çalışır, ölkəmizin suverenliyini, ərazi bütövlüyünü təhdid etməyə səy göstərir". 

  A.Niftiyevə görə, Tehranın təxribatları öz əleyhinə yönəlməkdədir:

 "Molla rejimi zəiflədikcə, küncə sıxıldıqca daha da azğınlaşır və Azərbaycandakı agent şəbəkəsini fəaliyyətə keçirir. Əminliklə söyləyə bilərik ki, İrandakı rejim məqsədlərinə nail ola bilməyəcək. DTX və hüquq-mühafizə orqanlarımız casus şəbəkəsini ifşa etməklə İranın ölkəmizdə planlaşdırdığı təxribatların qarşısını almaqdadır. Vətənə xəyanət edənlər ən sərt şəkildə cəzasını almalıdır. Dövlətini, xalqını satanlar son nəfərinədək ifşa olunmalıdır.

 Prezident İlham Əliyev tərəfindən yürüdülən daxili və xarici siyasət Azərbaycanı regionda lider, dünyada isə önəmli dövlətlərdən birinə çevirib. 

Belə bir ölkəni təxribatlarla, casus şəbəkəsi ilə sarsıtmaq və Tehranın iradəsinə tabe etdirmək qeyri-mümkündür. Molla rejiminin bu cəhdləri nəticəsiz qalacaq. İran çoxvektorlu təzyiqlərə məruz qalmaqdadır. Ölkədə daxili vəziyyət gərgindir, əhali rejimə, mollalara etiraz edir".