Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.
Bu barədə Qriqoryanın ofisi məlumat yayıb.
Görüş zamanı regiondakı vəziyyət və kommunikasiyaların açılması prosesi müzakirə olunub. Tərəflər xüsusilə Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolunun bərpası məsələsinə toxunublar.
Kommunikasiya xətlərinin açılması istiqamətində müxtəlif güc mərkəzlərinin öz marağı olduğunu deyən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a vurğulayıb ki, prinsip etibarilə heç kəs bunun əleyhinə deyil:
"Lakin ATƏT üzərindən məsələyə baxsaq, onlar təhlükəsizlik və əməkdaşlıq nöqteyi nəzərindən bizim üçün uğur əldə edə bilməyib. Hətta Kapşik də daxil olmaqla ATƏT-in tutduğu mövqe bizdə çox ciddi anti-düşüncə formalaşdırıb".
Ekspert əlavə edib ki, ATƏT məsələsinin gündəmə gəlməsi, daha çox Ermənistan və Fransanın mövqeyidir:
"Hazırda Avropa İttifaqında ABŞ və Rusiya vasitəsilə sülh prosesi aparılır. Yəni sülh prosesi iki formatda irəliləyir. Bunda əlavə isə Avropanın əlində keçmişdən qalan miras kimi üçüncü qol olan ATƏT var. Yəni potensial ehtiyat kimi saxlanılır. İndi sual yaranır ki, sülh müqaviləsindən qaçacağıqmı, yoxsa əvvəl qısamüddətli müharibə aparıb sonra sülh müqaviləsinə gedəcəyik? Bizim üçün bu variantlar önəmlidir. Ümumiyyətlə ATƏT özü-özlüyündə bəzi nüanslara əsas hazırlamalıdır. Biz ancaq onun üzərindən baxa bilərik ki, bölgədə nə etməyə çalışırlar".