İyunun 13-ü saat 17:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Bildiririk ki, bölgədə vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Sual yaranır ki, Türkiyə Prezidentinin Azərbaycan səfəri ərəfəsində, belə bir təxribatın törədilməsi nəyə hesablanıb? Ermənistan rəhbərliyi gözdağı verməyə çalışır?
Hadisəni şərh edən hərbi ekspert Alparslan İmamqulu "Sherg.az"a söyləyib ki, Vətən müharibəsindən sonra Türkiyə ilə münasibətlərin Şuşa bəyannaməsi ilə tənzimlənib:
"Bu isə region dövlətlərində, xüsusən də Rusiya və Ermənistanda ciddi narahatlıqlar yaratdı. İndi Ərdoğanın yenidən Prezident seçilməsi növbəti mərhələdə Azərbaycan və Türkiyə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi mənasına gəlir. Həmçinin gələcəkdə Turan ordusunun qurulması istiqamətində də qətiyyətli addımlar atılır. Təxribatlar isə Rusiya tərəfindən tərtib edilir. Çünki onlar Cənubi Qafqazda sülhün pozulmasına və qarşıdurmanın yaradılmasına çalışırlar.
Ekspert əlavə edib ki, Ermənistan proksi dövlət olaraq istifadə edilir:
"Azərbaycanın şərti sərhədlərində təxribatların baş verməsi Ermənistanın zərərinədir. Paşinyan "Azərbaycanın dövlət sərhədlərini tanıyırıq" desə də, bizim hələ tarixi boyu bağlanmamış hesablarımız var. Xüsusən də bugünkü Ermənistan ərazilərinin tarixi Azərbaycan torpaqları olduğunu nəzərə alsaq, onlar bu cür təxribatlarla yalnız öz zərərinə addımlar atır".