"Ankara NATO-nun genişlənmə siyasətində gizli əldir"

Vaşinqtonda bu gün Türkiyə-ABŞ siyasi məsləhətləşmələri aparılacaq.

Bu barədə Türkiyə XİN məlumat yayıb.

Məlumata əsasən, Türkiyə xarici işlər nazirinin müavini Burak Akçaparın başçılıq etdiyi nümayəndə heyəti bu gün Vaşinqtonda ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nuland və yüksək rütbəli ABŞ rəsmiləri ilə Türkiyə-ABŞ Birgə Strateji Mexanizmi çərçivəsində məsləhətləşmələr aparacaq.

Məsləhətləşmələrdə ikitərəfli münasibətlərlə yanaşı, regional məsələlər və beynəlxalq aləmdə baş verən hadisələrin də müzakirə ediləcəyi gözlənilir.

Türkiyənin ABŞ ilə qarşılıqlı münasibətlərinin rəngini açmaqda maraqlı olduğunu deyən siyasi şərhçi Aqşin Kərimov “Sherg.az”a açıqlayıb ki, bunun regional təhlükəsizliklə əlaqədar ölçüləri olsa da, maliyyə-pul siyasətinə vurğu etməkdə fayda olmadığını düşünürəm:

“Türkiyə milli valyutası dollar qarşısında dəyər itirməyə davam edir, ABŞ isə dünyada zəifləyən mövqelərinə rəğmən dollarla manipulyasiya hökmranlığını əldən buraxmayıb. Digər tərəfdən dolların qlobal valyuta taxtında tacını saxlaması başqa pul vahidləri üçün təhdid olaraq qalmaqdadır. Türkiyə isə ölkədəki maliyyə-iqtisadi çalxalanma səbəbi ilə ABŞ-dən manevrlərini dayandırmağı istəyə bilər. Lakin ABŞ-nin də Türkiyəyə ehtiyacları var. Çünki Ankara NATO-nun genişlənmə siyasətində həm açıq tərəfdaş, həm də gizli əldir”. 

Analitik əlavə edib ki, Türkiyənin NATO ilə Rusiya arasındakı strateji çəkisini saxlaması xüsusilə önəmlidir:

 “Üstəgəl Ankara Çin-Qərb münasibətlərinin ortasında dayanır və  bunlar onu qlobal oyunçu edir. ABŞ isə Türkiyənin oyunçuluğundan faydalanıb Yaxın Şərqdə Çinin qarşısında itirdiyi mövqelərini geri qaytarmağa cəhd göstərir. Hərçənd ki, Türkiyənin də siyasətində perspektiv Çin nizamına əyilmə müşahidə edilməkdədir. ABŞ ilə Türkiyənin milli təhlükəsizlik məsələlərində ciddi narazılıqları qalmaqdadır. Suriyada, İraqda Vaşinqton PKK dəstələrinin hərəkətverici qüvvəsidir. Bu Vaşinqtonla Ankaranı strateji məsələlərdəki fikir ayrılıqlarına rəvac verən aşkar nümunədir. Düşünürəm ki, müzakirələrin təhlükəsizliklə əlaqədar aspektlərini Yaxın Şərqdəki kontekst təşkil edəcək və bunun digər regiona – Cənubi Qafqaza təsirləri qeyd olunacaq. Ümumiyyətlə Yaxın Şərq cəbhəsi Mərkəzi Asiyadan üzü Cənubi Qafqaza qədər geniş təsirlərə malikdir. Çünki əsas oyunçular eynidir. 


Digər tərəfdən ABŞ Cənubi Qafqaz üzrə akkordlarını Türkiyə vasitəsilə vurmağı faydalı hesab edir. Ona görə ki, Ankara həm Moskva, həm də Qərblə strateji olaraq oynamağı bacarır. Yəqin ki, Cənubi Qafqazın qaynar fazaları olan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və Gürcüstanın Rusiyadan aldığı təhdidlər eyni paketdə müzakirə olunacaq”.