Rusiyanın Rostov şəhərində həftəsonu planlaşdırılan kütləvi tədbirlər ləğv edilib.
Bunu Rostov vilayətinin qubernatoru Vasili Qolubev deyib. Qolubev vətəndaşları şəhər mərkəzinə getməkdən çəkinməyə və evlərini tərk etməməyə çağırıb.
Qeyd edək ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojinin özü də Rostov şəhərindədir. Artıq Rostov şəhəri “Vaqnerçi”lər tərəfindən ələ keçirilib.
Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.
Rusiya Federasiyasının Baş Prokurorluğu isə bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb.
Prezidentin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, güc strukturları Rusiya prezidenti Vladimir Putinə üsyan cəhdi ilə bağlı görülən tədbirlər barədə hesabat verir.
Uzun zamandır Rusiya mərkəzi hakimiyyətində çatların olduğunu deyən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a vurğulayıb ki, Moskvada mərkəzdənqaçma meyli güclənir:
"Ümumiyyətlə, yaxın gələcəkdə Rusiyada bir neçə silahlı hərbi mərkəzin formalaşması ilə bağlı ilkin siqnallar var idi. Xatırlayırsınızsa, müharibənin ilk dönəmində aktiv şəkildə çıxış edən rəhbər Ramazan Kadirov, uzun zamandır ordusunu da götürüb Çeçenistana geri çəkilib. Yəqin ki, o yaxın gələcəkdə Rusiyada baş verə biləcək parçalanma dövründə,öz qüvvələrini qorumağı düşünürdü. Digər tərəfdən həm Rusiya Silahlı Qüvvələri daxilində, həm də kənarda fərqli qruplaşmalar formalaşıb. Məsələn, biz vaxtaşırı olaraq Kadirov və Priqojin ilə Rusiya Müdafiə Nazirliyinin sürtüşmələrinin şahidi olmuşuq. Həmçinin Qazpromun ordusu "Potok" ilə "Vaqner" arasında da toqquşma olub. İnsidentlər isə qarşılıqlı ittihamlar fonunda həyata keçib. Hətta sonuncu dəfə Priqojin və Kadirov arasında gərginlik yaşanıb".
Analitikin sözlərinə görə, bu hadisələr Rusiyadakı mərkəzi hakimiyyətin çökdüyünün və silahlı dəstələrin nəzarətdən çıxdığının işarəsidir:
"Proses Kreml üçün heç də yaxşı gələcək vəd etmir. Artıq Priqojinin ordu toplayıb, mərkəzə doğru irəlilədiyi ilə bağlı fərqli məlumatlar var. Ukrayna sərhəddindəki vilayətlər də onun nəzarətinə keçib. Bu isə Ukraynadakı rus ordusunun müdafiəsiz qaldığı deməkdir. Yəni rəsmi Kiyevin genişmiqyaslı hücumu olarsa, onun qarşısında duracaq qüvvə olmayacaq. Ola bilər ki, Priqojin hansısa nəaliyyət qazanacaq və yaxud onun üsyanı yatırdılacaq, artıq Rusiyada mərkəzi hakimiyyətin çökdüyünün siqnalı eşidilir. Hətta yaxın gələcəkdə, Rusiyanın regionlarında fərqli özfəaliyyətin də şahidi ola bilərik. Məsələn Çeçenistan, Dağıstan, Tatarıstan, Başqırdıstan və.s kimi bölgələr ordu yaradaraq, mərkəzi hakimiyyətdən qaça bilərlər. Bu isə Rusiyanı çox zəiflədəcək. Digər tərəfdən Putinin vəziyyəti şəxsən nəzarəti altına almaq ehtimalı da var. İstənilən halda baş verən hadisə Kremlin həm daxildə imicinə zərbə vuracaq, həm də beynəlxalq aləmdə Rusiyanın vahid monarx sistemi ilə olan miflər yoxa çıxacaq. Yəni Şimal qonşumuzun əslində "Gildən nəhəng" olduğu həm daxilində, həm də beynəlxalq aləmdə üzə çıxır".