Qarabağda təxribatların səbəbi NƏDİR? - Hərbi ekspert

İyunun 24-ü saat 10:40-dan 11:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
Təxribatları "Sherg.az"a dəyərləndirən hərbi ekspert Alparslan İmamqulu söyləyib ki, Rusiyanın regiondan çıxması üçün, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması kifayətdir:
"Bu gün Kreml həm Ukrayna da, həm də daxilində bir sıra problemlərlə üzləşir. Bununla yanaşı Cənubi Qafqazda da itkilərə məruz qalmamaq üçün isə vəziyyəti gərginləşdirir. Yəni Qarabağdakı ermənilərin əli ilə təxribat törədir. Həmçinin Ermənistanın daxilindəki bir sıra qruplar da rəsmi Moskvanın yetişdirməsidir. Digər tərəfdən onlar erməni xalqını Rusiyadan asılı oduğuna bir daha inandırmağa çalışırlar. Çünki Ermənistan daxilində siyasi qruplar arasında qarşıdurma var. Ümumiyyətlə, erməni cəmiyyətindəki bir kəsim Rusiyanın tamamilə Ermənistanı tərk etməsini, digərləri isə ruslara daha da yaxınlaşmağı arzulayır. Kreml isə bunun özü üçün faydası olmadığını nəzərə alaraq, Ermənistanı yalnız təxribatlarla özündən asılı vəziyyətə sala biləcəyinin fərqindədir. Ona görə də, Azərbaycan sərhədlərində tez-tez atəşkəs pozulur və təxribatlara yol verilir".