Fransa gərginlik mərkəzinə çevrilir: Son zamanlar 80 minə yaxın yəhudi ölkəni tərk edib

Fransanın Nanter şəhərində polis tərəfindən 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisə irqi zəmində baş verdiyi söylənir. Belə ki, qətlə yetirilən yeniyetmə əlcəzair əsilli olub.
Fransan polisinin ona tabe olmaqdan imtina edən yeniyetməni soyuqqanlıqla qətlə yetirməsi isə fransız cəmiyyətində şok yaradıb. 
Qətli törətmiş polis həbs olunsa da, bu hadisə kütləvi iğtişaşlara səbəb olub. Nanterdə barrikadalar qurulub, avtomobillərə od vurulub. Hadisələr Parisin digər vilayətlərinə də keçib, bir neçə şəhərdə iğtişaşıar törədilib.
Baş vermiş hadisə Makron hakimiyyətinin xalqın tam etimadı itirməsi və diktator kimi davrandığını göstərir. Hər kəsin işinə qarışan və özünü insan hüquqlarının müdafiəçisi kimi təqdim edən Fransa öz daxilində insanlara irqlərinə görə zülm edir, hətta qətlinə göz yumur.  Təəssüf ki, lazımsız və boş hadisələrə  reaksiya verən Qərb-Avropa institutları susurlar.
Hadisələri Sherg.az-a şərh edən millət vəkili Asim Mollazadə Fransadakı son hadisələrdən danışarkən deyib ki, Fransada çox ciddi antisemitizm, anti-islamizm və rasizm özünü büruzə verir.
O bildirib ki, hətta bu məsələlər Fransanın Avropa Şurasındakı monitorinq prosesində də müzakirə mövzusu olub:
"Biz bu məsələni dəfələrlə qaldırmışıq. Təkcə son zamanlarda 80 minə yaxın yəhudi ölkəni tərk edib. Səbəb isə qorxudur. Əgər rəsmi Paris bu istiqamətdə davam edərsə, ölkədə çox ciddi gərginliklər olacaq. Bununla yanaşı Fransada bariz sosial problemlər var və dayanmadan böyük, izdihamlı mitinqlər həyata keçirilir".

Parlamentari əlavə edib ki, daxildəki gərginliyə görə Fransa hökuməti diqqəti xarici məsələlərə yönəldir:

"Yəni özünü imperiya kimi nümayiş etdirir. Xarici siyasətdə olan səhvlər də daxili siyasətə öz təsirini göstərir. Hesab edirəm ki, bu proseslər həm Avropa Şurasında, həm də parlamentində ciddi şəkildə müzakirə edilməlidir".