"2020-ci ilə qədər işğal faktoru ilə davam edən Qarabağ kartı, daha sonra Rusiyanın əlində sülhməramlı konteksində kozora çevrilib".
Bunu "Sherg.az"a açıqlamasında hərbi-siyasi ekspert Həşim Səhrablı Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasına Kazandan gələn erməni ailənin yerləşdirilməsindən danışarkən deyib.
O bildirib ki, Kreml Qarabağ kartını Azərbaycana təsir rıçaqı formasında istifadə edir:
"Bu hər zaman belə olub. Biz bilirik ki, Azərbaycan hazırda dünyəvi əhəmiyyəti olan layihələrə qoşulub. Həmçinin bu layihələrin bir çoxunda rəsmi Bakı tranzit tərəf kimi çıxış edir. Bu da Rusiyanın dünya üzərində qurduğu hegemon varlığını zərbə altına qoyur. Məsələn Şimal qonşumuz Ukrayna işğalına başladığı dövrə qədər Avropa ölkələrinin böyük əksəriyyətinə neft və qaz idxalından külli miqdarda pul qazanırdı. Bununla da Avropa üzərində təsirə malik idi. Amma Ukraynanın işğalına başlanandan sonra Avropa dövlətləri Rusiyanın üstünlüklərindən narahat olmağa başladılar və iqtisadi sferalardakı hegemonluğuna qarşı alternativlər fikirləşməyə başladılar. Enerji alternativləri sırasında isə Azərbaycan ön plana çıxdı. Bu da Azərbaycanın Rusiyanın dünyadakı maraqlarına ciddi bir rəqib olduğu deməkdir. Rəsmi Bakı da öz əlində olan fürsətləri dəyərləndirərək dünyadakı ağırlığını artırmağı hədəfləyir. Rusiya isə bunu xoş qarşılamır. Çünki Azərbaycanın öz maraqlarına nəzərən çıxış etməsi Rusiyanın milli mənafeyinə zərər vurur".
Ekspert əlavə edib ki, yuxarıda sadaladığı səbəblərə görə Kreml Azərbaycana qarşı cəbhə almış vəziyyətdədir:
"Rusiya Azərbaycana qarşı sivil metodlarla heç nə edə bilməz. Ona görə ki, Azərbaycana dövləti Rusiyaya heç bir açıq əks-siyasət addımları atmır. Şimal qonşumuz məcburdur ki, özündən oyunlar çıxararaq siyasi rıçak formalaşdırsın və bununla da Azərbaycana təsir göstərsin. Qarabağ da bu oyunların başında gəlir. Ümumiyyətlə Rusiya uzun illərdir Azərbaycanı böyük layihələrdən uzaq tutmağa çalışıb. Müəyyən mənada bu effektli idi. Çünki Azərbaycan Qarabağın işğaldan azad edilməsinə önəm verirdi. Lakin məhz Qarabağın işğaldan azad edilməsindən sonra ölkəmizin əsas prioritet məsələsi daha da inkişaf etmək oldu. Kreml də bunun qarşısını almaq üçün özü üçün yeni təsir vasitəsi tapıb. Yəni rus sülhməramlıları torpaqlarımıza yerləşdirildikdən sonra, müxtəlif təzyiqlər həyata keçirir".
H. Səhrablının sözlərinə görə, Azərbaycan tərəfi bunu yaxşı başa düşür və qarşı addımlar atır:
"Lakin qarşımızdakı super gücdür. Rusiya hər nə qədər problemlər yaşasa da, beynəlxalq hüququ tanımır və təcavüzdən belə çəkinmir. Ona görə də düşünmürəm ki, bu gün rəsmi Bakı Moskvaya qarşı sərt mövqe almalıdır. Bu, çox böyük riskdir. Çünki Rusiyanın təcavüzündən Azərbaycanı qoruyacaq qarantiya yoxdur. Hətta Rusiya Ukraynaya hücum edərkən belə, dünyanın etirazlarına baxmayaraq təcavüzdən çəkinmədi. Ona görə də Azərbaycan öz maraqlarını müdafiə etmək prizmasından çıxış etməlidir. Yəni Kremlə rəqib olan digər güc mərkəzləri ilə əməkdaşlığımızı gücləndirərək ona mesaj verə bilərik".
Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasına Kazandan gələn erməni ailənin yerləşdirildiyi ilə bağlı məlumat yayılıb.
Axar.az xəbər verir ki, “Bez Tormozov” Teleqram kanalı Kazandan olan ailə - Tatyana Babayan, əri Artur Babayan, onların övladları Arkadi, Samvel və Aleksandranın fotoları dərc edilib.
Bildirilir ki, onlar rus sülhməramlıların məsuliyyət zonasına 2020-ci ildən sonra yerləşdiriliblər. Tatyana sülhməramlı kontingentin təşkil etdiyi antiazərbaycan tədbirlərində fəal iştirak etməklə fərqlənir.
“Tatyana fevralın 26-da Xocalı faciəsinin ildönümü günü təşkil edilən Maslenitsada da iştirak edib. Maslenitsa məhz qadınların, uşaqların və qocaların vəhşicəsinə qətlə yetirildiyi Xocalı təpələrində qeyd olunurub”, - məlumatda bildirilib..
Artur Babayanın sülhməramlı kimi “xidmət etdiyi” də istisna edilmir.