İranın xarici işlər naziri Hüseyn-Əmir Abdullahian Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.
“Azərbaycanla ikitərəfli əlaqələri yüksək səviyyədə qiymətləndirən İran bu görüşə qatılacaq. Ölkəmizin xarici işlər naziri ilə azərbaycanlı həmkarı arasında görüş ikitərəfli əsasda keçiriləcək və əhəmiyyətli olan digər görüşlər də bu sammit çərçivəsində baş tutacaq”, o qeyd edib.
Rəsmi Bakı bununla bağlı hələ rəsmi açıqlama verməyib.
İran tərəfinin iki ölkə arasındaki gərginliyə səbəb olan amilləri aradan qaldırmalı olduğunu qeyd edən politoloq Sədrəddin Soltan "Sherg.az"a bildirib ki, ilk növbədə Azərbaycan səfirliyinə olunan terror hücumu ilə bağlı olan məsələlər öz həllini tapmalıdır:
"Rəsmi Tehran ölkədə saxladığı terrorçu "Hüseyniun" dəstəsinin azərbaycanlı vətəndaşlarını bizə təhvil verməli, Zəngəzur dəhlizi ilə bağlı yaratdığı problemi həll etməli və Ermənistandan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadədən əl çəkməlidir. Yəni yeni məsələləri müzakirə etmək üçün ilk növbədə İranın yaratdığı mövcud maneələr aradan qaldırılmalıdır. Əks halda danışıqlar və görüşlər nəticəsiz qalacaq. Çünki Azərbaycanın irəli sürdüyü şərtləri və təklifləri təmin edilməyib".
Analitikin sözlərinə görə, belə şəraitdə yeni məsələlərin müzakirəsi mümkün deyil:
"Həmçinin bu gün yayılan xəbərlərə görə Azərbaycan səfirliyinə hücum edən terrorçu ilə bağlı cinayət işi yekunlaşıb. İran bunu məişət hadisəsi kimi təqdim edir. Odur ki, bu hadisədə iki ölkə arasında fikir ayrılıqları var. Bu isə öz həllini tapmadığından, əlaqələrin hansısa formada bərpası mümkün görünmür. Düzdür görüş olacaq və Azərbaycan tərəfi öz təkliflərini yenidən İrana təqdim edəcək. Yəni bu adi diplomatik danışıqlar səviyyəsində bir görüşdür və hansısa irəliləyişdən danışmaq tezdir".