"Gürcüstan Rusiyadan uzaqlaşma siyasəti yürütməsə, çətin olacaq"  - POLİTOLOQ 

"Qərb və Ukrayna Saakaşvili kartını indiki hökumətə qarşı istifadə edəcək"

“Bu gün mən Xarici İşlər Nazirliyinə Gürcüstanın Ukraynadakı səfirini çağırmağı, ona kəskin etirazımı bildirməyi və paytaxtı ilə məsləhətləşmələr aparmaq üçün 48 saat ərzində Ukraynanı tərk etməyi təklif etməyi tapşırdım”.
Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə sosial şəbəkədə yazıb.

O, yenidən Gürcüstan hakimiyyətini Ukrayna vətəndaşı olan Saakaşvilini müalicə üçün ölkəsinə qaytarmağa çağırıb.
Qeyd edək ki, Mixeil Saakaşvilinin vəziyyətinin ağır olduğunu sübut edən yeni fotolar yayılıb. Şəkillər geniş müzakirələrə səbəb olub. Zelenski daha əvvəl də bildirmişdi ki, Sakaşvilinin Ukraynaya qaytarılması üçün əlindən gələni edəcək.

Addımın iki ölkə arasındakı münasibətlərə təsir edəcəyini söyləyən siyasi şərhçi Turab Rzayev bildirib ki, Gürcüstan bunu öz daxili işinə qarışmaq kimi qəbul edir:


"Eyni zamanda isə Ukrayna vəziyyətə öz vətəndaşının hüquqlarının müdafiəsi konteksindən baxmağa çalışır. İndiki halda isə bu addım hakimiyyətlər arası münasibətlərin zədələnməsi ilə nəticələnə bilər. Ancaq onsuz da iki ölkə arasındakı əlaqələr gərginləşməyə doğru gedirdi. Çünki Gürcüstanın Rusiya ilə aviareysləri bərpası və Kremlin sanksiyalardan yayınmasına kömək edən üç ölkədən biri olması, Ukraynanın vaxtaşırı ciddi şəkildə etiraz etməsinə səbəb olub. Yəni bu iz dəfələrlə rəsmi Kiyevin, Tbilisi ilə Moskvanın yaxınlaşmasına görə etirazlarının şahidi olmuşuq. Hətta Avropa ittifaqı da Gürcüstanı Rusiyaya sanksiyalardan yayınmağa kömək etdiyinə görə cəzalandıra biləcəyi ilə bağlı açıq mesaj göndərmişdi. Digər tərəfdən sual yaranır ki, Zelenski niyə məhz indi diplomatik münasibətlərin qopmasına gətirə biləcək bir açıqlama verib".

Analitik əlavə edib ki, burada bir neçə faktorun olduğunu düşünür:

"Birincisi Saakaşvilinin vəziyyəti həqiqətən də pisdi və sabiq Prezidentinin həyatını itirmə təhlükəsi var. Ümumiyyətlə Qərb və Zelenski Saakaşvilinin həbsdən buraxılmamasını Putinin ona olan kini və intiqamı kimi qəbul edir. Ona görə də düşünürlər ki, eks Prezidentin həbsdə saxlanması Putinin qələbəsi olacaq. Yəni nəzərə alsaq ki, Zelenski də özünü Maydan hərəkatı lideri kimi görür, bu ona da mesajdır. Yəni psixoloji təzyiqdir ki, sabah sənin də başına eyni hadisə gələ bilər. Digər məqam isə Rusiyanın daxilindəki qarışıqlıqdan ibarətdir. Rusiyanın Ukrayna bataqlığına çəkilməsi Qərbə Gürcüstan üzərində təzyiqini artırmaq imkanı verir. Yəni onlar artıq başlarını Rusiyadan açıb digər ölkələrə də barmaq silkələməyi bacarırlar. Üçüncü məsələ isə Qərbin və Ukraynanın Gürcüstandan daha konkret mövqe ortaya qoyması tələbidir. Saakaşvili də bu yanaşmanın əsas hissəsidir. Ukrayna hökuməti Saakaşvilinin həbsdə saxlanılmasını, Qərbə qarşı və Rusiya tərəf atılmış addımlar kimi görür. Düşünürəm ki, Gürcüstan Rusiyadan uzaqlaşma siyasəti yürütməsə Qərb və Ukrayna Saakaşvili kartını indiki hökumətə qarşı istifadə edəcək".