"Yalnız Şimali Qazaxıstan deyil, Qərbi Sibir, eləcə də Həştərxan və Altayın tarixən qazax xalqının yaşadığı areal olub".
Bu barədə Qazaxıstan mərkəzi televiziyasında yayımlanan "Nəzər nöqtəsi" proqramında bildirilib.
Aparıcı qeyd edib ki, bu ərazilər ruslar orada görünməzdən xeyli əvvəl türkdilli xalqlar tərəfindən sıx məskunlaşdırılmışdı. Bu səbəbdən həmin ərazilər yalnız işğal nəticəsində Rusiyanın ərazisi sayıla bilər.
"Çölçülər hələ rus dövlətinin qoxusu olmayanda orada dolaşırdılar. Qeyd edim ki, Orenburq Qazaxıstanın ilk paytaxtı olub. Həştərxan qazax qəbilələrinin ata-baba yurdudur. Böyük bəstəkar və musiqiçi Kurmanqazi orada dəfn olunub. Tümen qazax dilində "tumen", "aşağı torpaq" kimi səsləınir. Bu şəhər qazax köçəri düşərgələrinin ən şimal hissəsi idi. Altay isə bütün türk xalqlarının beşiyidir", - deyə aparıcı vurğulayıb.
Məsələni “Sherg.az”a şərh edən Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib ki, son illər Qazaxıstanın yürütdüyü xarici siyasətdə müstəqil xətt açıq-aydın görünür:
“Bu həm də onu göstərir ki, Qazaxıstan Rusiyanın dediyi ilə oturub-durmur. Prezident Tokayevin verdiyi açıqlamalarda bunu müşahidə edirik. O, Rusiyadan aslılığı azaltmağa çalışır və bu istiqamətdə addımlar atılır. Yəni öz xəttini həyata keçirir. Ümumiyyətlə Qazaxıstanda milliləşmə ilə bağlı uğurlu siyasət aparılır”.
Sədr müavininin sözlərinə görə, Rusiyanın getdikcə zəiflədiyini nəzərə almaq lazımdır:
“Yəni Şimal qonşumuzun əvvəlki nüfuzu qalmayıb. Bu səbəblə də Kremlin yanında yer almaq perspektivli deyil. Bir zamanlar SSRİ güc mərkəzi idi. Bu gün isə yeni güc mərkəzi yaranır. Bu, Türk Dövlətləri Birliyidir. Qazaxıstan da bu prosesdə kənarda deyil və öz töhfəsini verir. Beynəlxalq qurumlar isə türk birliyini qəbul edirlər və onunla əməkdaşlıq etməkdə maraqlıdırlar”.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsinin Rusiya və Belarusun İttifaq dövlətinə qoşulması və ya nüvə silahı hazırlamasına ehtiyac görmür. O, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenkonun Qazaxıstanın İttifaq dövlətinə birləşdirilməsinin mümkünlüyü ilə bağlı son təklifini şərh edərkən bildirib.