Ukrayna Prezidenti Volodimir Zelenski müttəfiqlərdən əks-hücuma keçmək üçün silah tədarükünü sürətləndirməyi xahiş edib.
O, bu barədə CNN telekanalına müsahibəsində danışıb.
"Mən ABŞ-yə, eləcə də Avropa liderlərinə dedim ki, biz əks-hücum əməliyyatımızı daha tez başlamaq istəyirik və bunun üçün bizə bütün silah və materiallar lazımdır. Niyə? Çünki gec başlasaq, daha yavaş gedəcək”, - Zelenski bildirib.
O əlavə edib ki, silahların ləng çatdırılması cəbhədə bəzi çətinliklərə səbəb ola bilər və əks-hücum prosesini ləngidə bilər.
“Mən istəyirdim ki, bizim əks-hücum daha tez baş versin, çünki hamı anlayırdı ki, əks-hücum gec başlasa, ərazimizin böyük hissəsi minalanacaq", - Ukrayna lideri vurğulayıb.
Bununla bağlı müxtəlif yanaşmaların olduğunu söyləyən siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a bildirib ki, onlardan ən bəsiti Ukraynanın silah tədarükü ilə bağlı narahatlığı rəsmi Kiyev və Qərb arasındakı münasibətləri pisləşdirə bilər iddiasıdır:
"Çünki Qərb Ukraynaya söyləyə bilər ki, sənə yardım etməyimə baxmayaraq bunun qədrini bilmirsən və üstəlik məni tənqid də edirsən. Amma məsələnin dərinliyində daha ciddi məqamlar ola bilər. Ukrayna rəsmilərinin və Qərbin məlumatına görə əks-hücum əməliyyatları gözlənildiyindən yavaş gedir. Ancaq mən belə düşünmürəm. Əməliyyatların iyunun əvvəlində başladığını nəzərə alsaq, artıq Ukraynanın xeyli əraziləri azad etdiyini görərik. Hətta bu Donetskdə, Luqanskda və Krımda hərəkətləməyə səbəb olub. Artıq həmin qondarma respublikalarda yaşayanlar da başa düşürlər ki, çıxıb getmək lazımdır".
Analitikin sözlərinə görə, əks-hücum əməliyyatlarının ləng getməsinə dair arqument səslədirməli idi və Zelenski isə bunu silah-sursat çatışmazlığı ilə əlaqələndirib:
“Maraqlıdır ki, bu yaxınlarda Böyük Britaniyanın bir admiralı da bu fikirləri səsləndirmişdi. Lakin o üç səbəb göstərmişdi. Bunlar əlverişsiz hava şəraiti, ərazilərin minalanması və lazimi texnikaların Ukraynada olmamasıdır. Ümumiyyətlə Qərbin Ukraynaya dəstəyinin balanslı şəkildə davam edəcəyini düşünürəm. Yəni silahlar Ukraynaya qalib gəlmək üçün yox, savaşın müddətinin uzadılması üçün verilir. Əgər Qərb müharibənin yaxın müddətdə bitməsini istəsəydi, F-16 qırıcılarını verərdi. Lakin bunu etmir. Zənnimcə 5-6 aya Ukraynaya F-16 qırıcıları da veriləcək. Çünki Qərb Kremlə təzyiq göstərmək istəyir. Bunun səviyyəsi yüksəldikcə isə daha fəlakətli ssenarilərlə bağlı ehtimal da artacaq. Yəni Qərb Ukraynanın əli ilə Putinin damarına basır və bu Kremlin nüvə silahına əl atması ilə nəticələnə bilər".
Qeyd edək ki, Ukrayna hərbçiləri Baxmut, Melitopol və Berdyansk istiqamətlərində aktiv hücum əməliyyatları aparır. Son bir həftə ərzində Ukrayna Silahlı Qüvvələri şərqdə və cənubda daha 9 kvadrat kilometr ərazini azad edib.