"Fransada etirazçılara qarşı polis qəddarlığı, Fransa cəmiyyətində dözümsüzlük hallarının artması, fransız xalqının Makron hakimiyyətinə etimadını itirdiyini göstərir. Fransada baş verən hadisələr, insan hüquq və azadlıqlarının pozulması halları, həmçinin insanların sosial rifahına edilən kəskin müdaxilələr Makron hakimiyyətinin uğursuz idarəetmə sisteminin nəticəsidir".
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Sevil Mikayılova Fransadakı son vəziyyətdən danışarkən deyib.
O bildirib ki, Fransa tərəfindən insan haqlarının pozulması təkcə bu mitinqlərlə də məhdudlaşmır. Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü bu gün dünyada davam edən ədalətsizlik və beynəlxalq hüququn ayaqlar altına atılmasına cavab tədbiri kimi çox əhəmiyyətlidir:
"Xüsusilə əsrlərdir Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən Afrika, Sakit okean və dəniz aşırı ölkələri ayaqlar altına atılmış haqlarının müdafiəsi üçün məhz Qoşulmama Hərəkatı vasitəsilə güclü beynəlxalq tribuna qazanıblar. Müstəmləkə siyasətinin geridə qaldığı söylənilsə də, bu gün təəssüf ki, Fransa müstəmləkəçilik siyasətini yeni üsüllarla davam etdirməkdədir. On illiklərdir ki, Fransa müstəmləkiçilik buxovlarından tam azad olmaq üçün mübarizə aparan xalqların nə zaman layiq olduqları hüquq və azadlıqları bərqərar olacaq? Köləliyin kökünün kəsilməsi üçün bundan sonra neçə on illər gözləməlidirlər? Bakıda keçirilən görüşdə çıxışı zamanı Prezident İlham Əliyev bir sıra vacib məqamlara toxundu. Haqlı olaraq Fransanı öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməyə çağırdı. "Əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edəcək", - deyə Prezident İlham Əliyev vurğulamışdı.
S.Mikayılovanın sözlərinə görə, bu gün Fransa nəinki öz cinayətlərini etiraf edir, hətta müxtəlif formalarda bu siyasətini davam etdirir:
“Bakıda keçirilən tədbirdə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən ərazilərin sakinlərinin səsləndirdiyi fikir, etiraz bəyanatları da bunu bir daha təsdiqləyir. Tədbirdə iştirak edən Martinik nümayəndəsi Klaudete Duhamel qeyd edir ki, Fransa hələ də insanlarla quldarlıq dövründə olduğu kimi rəftar edir. Onlar bizə cansız ev əşyası kimi baxırlar. Xalq Fransanın zülmündən azad olmaq istəyir. Onlar ağ irqi zirvədə görür və hələ də irqçiliyə davam edirlər. Fransanın hazırki sistemi zorakılıqla yaradılıb”, - deyə o, əlavə edib.
S.Mikayılova onu da vurğulayıb ki, Fransada baş verən hadisələr, insan hüquq və azadlıqlarının pozulması halları, həmçinin insanların sosial rifahına edilən kəskin müdaxilələr Makron hakimiyyətinin uğursuz idarəetmə sisteminin nəticəsidir:
"Makron hakimiyyətinin səriştəsizliyi və bunun yaratdığı ağır fəsadlar Fransa cəmiyyəti üçün uğurlu gələcək vəd etmir. Ölkə rəhbərliyi öz siyasətinə düzgün korrektələr etməlidir. Əks halda Fransada böhran daha da dərinləşə bilər".
Qeyd edək ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlər görüşündə çıxışı zamanı bildirib ki, Bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlamətidir:
Dövlətimizin başçısı qeyd edib: “Bu baxımdan biz BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatını dəstəkləyirik”.