Rusiya sülh üçün özü xahiş edəcək 

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı kasset bombalarından istifadə edə biləcəyinə işarə edib.
Bu barədə dövlət başçısı müsahibədə bildirib.

“Əgər onlar bizə qarşı istifadə edilərsə, biz güzgüvari hərəkət hüququmuzu özümüzdə saxlayacağıq”, - o qeyd edib.
O vurğulayıb ki, Rusiyada kasset mərmilərin “kifayət qədər ehtiyatı” var.

“Birləşmiş Ştatlar özü əvvəllər kasetli sursatlardan istifadəni cinayət adlandırıb və buna belə yanaşmaq lazımdır”, - Putin əlavə edib.

Putinin açıqlamasına münasibət bildirən siyasi şərhçi Elçin Xalidbəyli "Sherg.az"a bildirib ki, Ukrayna ordusu kasset bombalardan istifadə etməyə başlayacaq:

"Çünki NATO ölkələri həmin silah növünü Ukraynaya göndərməyə başlayıblar. Bu isə Rusiya üçün yaxşı xəbər deyil. Ümumiyyətlə kasset bombaları nəticəsində ölən canlı qüvvənin sayı, digər artilleriya zərbələrindən həlak olanlardan daha çox olur. Rusiya ordusunun silah resursları baxımından defsit yaşadığını nəzərə alsaq, bu, Moskva üçün həyəcan siqnalı ola bilər. Digər tərəfdən Kremlin özü də kasset bombalardan istifadə edəcəyini bildirib. Ola bilər ki, istifadə etsin. Ancaq düşünürəm ki, bu daha çox Ukraynanı analoji addımdan çəkindirmək məqsədi güdür".

Analitik əlavə edib ki, Rusiya Qərbin Ukraynaya verdiyi yeni silahlardan ciddi şəkildə narahatdır:

"Proseslər onu göstərir ki, Kremlin savaş imkanları tükənmək üzrədir. Hətta yaxın bir neçə ayda Rusiya istənilən şərtlər altında sülh müqaviləsinin imzalanması üçün özü xahiş etməyə başlayacaq. Çünki hərbi ekspertlərin hesablamalarına görə, Ukrayna ordusunun əks-hücum əməliyyatlarının nəticələri avqustun sonu, sentyabrın əvvəllərində özünü daha qabarıq şəkildə göstərəcək. Əgər bu vaxt ərzində rəsmi Moskva Ukrayna və Qərblə anlaşa bilməsə, Baxmut və Krım da daxil olmaqla işğal etdiyi əraziləri tərk etmək məcburiyyətində qalacaq. Ümumiyyətlə Rusiyanın indiki şəraitdə iki çıxış yolu qalıb. Ya əlindəki bütün resursları toplayaraq Ukraynanı məğlub etmək, ya da yaxın bir neçə ay ərzində baş verəcək məğlubiyyətə hazırlaşmaq". 
E.Xalidbəylinin sözlərinə görə, Rusiyanın daxilində artıq parçalanma son həddə çatıb:

"Bəzi qruplaşmalar həm bir-birinə qarşı mübarizəni davam etdirirlər, həm də gizli kanallar vasitəsilə Qərblə danışıqlar aparırlar. Həmçinin məlumatlar ondan ibarətdir ki, Putinin varisi belə qərarlaşdırılıb. Hətta Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevin oğlu Putini əvəzləyəcək şəxs kimi təbliğ olunur".