"Ölkələr istər iqtisadi çətinliklər yaşadığı, istərsə də normal iqtisadi göstəricilərə sahib olduqları zaman, xarici tərəfdaşlıq və ölkəyə kapital axınının artırmağa davam etməlidirlər".
Bunu "Sherg.az"a açıqlamasında hərbi-siyasi ekspert Həşim Səhrablı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın körfəz ölkələrinə səfərindən danışarkən deyib.
O bildirib ki, rəsmi Ankaranın atdığı bu addımların əvvəl də şahidi olmuşuq:
"Məsələn Qətər və digər Ərəb körfəzi ölkələrindən kifayət qədər yatırımların edildiyi zaman-zaman qarşımıza çıxıb. İndiki addım da onların tərkib hissələrindən biridir. Yəni bu Türkiyənin hazırda yaşadığı iqtisadi çətinlikləri müəyyən qədər aradan qaldırmağa və ölkədə iqtisadi sabitlik yaratmağa hesablanıb. Amma rəsmi Ankara gecikib. Əgər iqtisadiyyatın normal olduğu dönəmdə daha böyük investisiyaların qoyulması üçün çalışsaydılar, bəlkə də, bu gün Türkiyənin tələsik addımlar atmasına ehtiyac qalmayacaqdı. Digər tərəfdən səfərləri tək iqtisadi səbəblərlə bağlamaq da olmaz. Düşünürəm ki, biz yaxın Şərqdəki siyasi vəziyyəti də nəzərdən qaçırmamalıyıq. Çünki Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Körfəzin ən güclü ölkələrindən sayılır".
Ekspert vurğulayıb ki, Türkiyə bölgədə yaşanan dəyişikliklərin fərqindədir:
"Buna Səudiyyə Ərəbistanının Suriya ilə atdığı barışıq addımları və İranla diplomatik əlaqələrin bərpası kimi məsələləri misal göstərmək olar. Hər halda masaya yatırılan məsələlərdən biri də Körfəzdə və Yaxın Şərqdə gələcəklə bağlı olacaq. Digər diqqət çəkən məqam isə Ərdoğanın Körfəz ölkələrindən dərhal sonra Şimali Kipr Türk Cümhuriyyətinə səfəridir. Müzakirələr zamanı Şimali Kipr məsələsi də müzakirə olunacaq mövzular sırasındadır. Çünki hazırda Kipr məsələsi dalana dirənib. Rəsmi Ankara Kiprin tanınmasını da gündəmə gətirə bilər. Ancaq hər şey görüşlərdən sonra verilən açıqlamalardan sonra bəlli olacaq".
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün körfəz ölkələrinə üç günlük səfəri başlayır.
Ərdoğan həmkarları ilə görüşmək üçün növbə ilə Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.
Dövlət başçısı bu ölkələrin rəhbərliyi ilə danışıqlar aparacaq, Türkiyenin Xarici İqtisadi Əlaqələr Şurası tərəfindən bu dövlətlərdə təşkil olunacaq biznes forumlarda iştirak edəcək. Görüşlərin nəticələrinə əsasən tikinti-podrat sektorunda, səhiyyə, energetika, nəqliyyat, maliyyə, turizm və kənd təsərrüfatı sahələrində müqavilələrin bağlanması planlaşdırılır. Danışıqlarda, həmçinin müdafiə sənayesində əməkdaşlıq məsələləri də müzakirə olunacaq.
Xatırladaq ki, bu yaxınlarda vitse-prezident Cevdet Yılmaz və xəzinə və maliyyə naziri Mehmet Şimşək də bölgəyə səfər edərək bir sıra təmaslar aparıblar.