"ABŞ-nin Laçın yolunun açılmasını tələb etməsi sülhə xidmət etmir" - Fuad Abbasov

"Əlbəttə Miller çox şey deyə bilər. Ancaq bu, o demək deyil ki, biz onun  dediyi ilə oturub-duracağıq. Böyük ehtimalla o ya Blinkendən, ya da Baydendən təlimat alıb"
 
ABŞ Azərbaycanın Laçın yolunun həm kommersiya, həm humanitar, həm də şəxsi avtomobillər üçün “blokada” vəziyyətində saxlamasından narahatdır.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
O bildirib ki, guya humanitar hərəkatların “dayandırılması” vəziyyəti “pisləşdirir” və sülh prosesində etimadın yaradılması səylərini “sarsıdır”:
“Vaşinqton regionda sülhün Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsini ehtiva etməsi fikrini dəstəkləyir. Biz bu məqsədə çatan dialoqu alqışlayırıq”.

ABŞ-nin belə açıqlama verməsinin başlıca səbəbim orada fəaliyyət göstərən erməni lobbisi olduğunu deyən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a vurğulayıb ki, bəyanat vermək xətrinə, bəyanat verilir və heç bir hüquqi qüvvəsi yoxdur:

"Əlbəttə Miller çox şey deyə bilər. Hətta Azərbaycana erməni icmasını tanıyaraq, onlarla görüşməyə tövsiyə edə bilər. Ancaq bu, o demək deyil ki, biz Millerin dediyi ilə oturub-duracağıq. Böyük ehtimalla o ya Blinkendən, ya da Baydendən təlimat alıb ki, Qarabağda yaşayan ermənilərin tələbləri nəzərə alınaraq bəyanat yayımlansın və Azərbaycana göndərilsin. Çünki Vaşinqton Ermənistan və Azərbaycan arasındakı problemin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Ancaq ABŞ-nin Azərbaycanın Ağdam-Xankəndi yolu ilə dəfələrlə humanitar yardım göndərməyi təklif etməsinə baxmayaraq, Laçın yolunun açılmasını tələb etməsi sülhə xidmət etmir. BU separatçıların Ermənistan üzərindən müxtəlif növ hərbi yardım alcağının davamı deməkdir,Miller də bunu yaxşı bilir. Onlar buna imkan verməyəcəyimizi anladıqları üçün bəyanat xətrinə, açıqlama verirlər".
Qeyd edək ki, Bakı bir neçə dəfə Ağdam-Xankəndi yolu ilə Qarabağdakı erməni əhaliyə yardım imkanını təklif etsə də, erməni icmasını girov saxlayan separatçı-terrorçular bundan imtina edir.