Suriyada yeni müharibə riskləri!  - Politoloq

ABŞ komandanlığı İraqdan Suriyadakı bazalarına əlavə hərbi texnika və maddi-texniki vasitə köçürüb. Bu barədə Suriyanın “Al Watan” qəzeti məlumat yayıb.

Həmçinin zirehli texnika ilə birlikdə ABŞ hərbçilərinin böyük bir qrupu Suriyaya aparılıb.

İyulun 15-dən bəri onların sayı 500-dən 1500-ə yüksəlib. Hərbi-texniki heyətin bir hissəsi Suriya Demokratik Qüvvələrinin kürd döyüşçülərinin təliminə kömək edir, digərləri isə Əl-Həsəkə və qonşu Deyr əz-Zövr əyalətində aerodromları və neft-qaz yataqlarını mühafizə edir.

Hadisəyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov "Sherg.az"a deyib ki, Amerikanın bu gün Suriyada iştirakı oradakı dağıntıların əsasını qoyub:

"Təəssüf ki, Qərb imperializminin başlatdığı qəsbkarlıq siyasətinin nəticəsində, bu gün Suriyada təkcə ABŞ-nin yox, İranın və Rusiyanın da qoşunları yer alır. Ona görə də indi Suriya ərazilərinin müxtəlif ekstremist qruplaşmalar və xarici güc mərkəzləri tərəfindən faktiki bölüşdürülməsi prosesi baş verir. Nəticədə isə Suriyanın sərvətləri istismar edilir və saysız suriyalı öz ölkələrindən didərgin düşüb".
Analitik əlavə edib ki, ABŞ-nin öz texnika və əsgərlərini Suriyaya yönəltməsi orada İran və Rusiya ilə növbəti qarşıdurmaya hazırlıq məqsədi daşıya bilər:

"Mən hesab edirəm ki, Amerikanın birdən-birə İraqdan, Suriyaya bu qədər qoşun göndərməsi qarşıda gözlənilən hansısa kəşfiyyat materiallarına da əsaslana bilər. Ola bilsin Suriyadakı İran qüvvələri tərəfindən, ABŞ hərbi kontingentinə qarşı hansısa sui-qəsd ssenariləri ilə bağlı kəşfiyyat məlumatları var. Ona görə Rəsmi Vaşinqton bölgədə öz hərbi potensialını və mövcudluğunu artırmağa çalışır. İstənilən halda düşünürəm ki, Suriya ərazisində digər ölkələrin hərbi gücünün artırılması yeni müharibə riskləri yaradır və bölgədə qeyri-sabit situasiyanın davam etməsinə səbəb olur".