“Ermənistan tərəfi Laçın yolunda yeni təxribatı, bu dəfə fərqli formada hazırlamaqdadır”.
Bunu “Sherg.az”a açıqlamasında hərbi-siyasi ekspert Həşim Səhrablı Azərbaycan ərazisindən qanunsuz yüklərin daşınmasına münasibət bildirərkən deyib.
O söyləyib ki, 400 tondan çox yükün Qarabağın dağlıq hissəsinə çatdırılması üçün yola çıxarıldığı ilə bağlı məlumatlar var:
“Əlbəttə, qarşı tərəf bunu humanitar yardım adı ilə pərdələməyə çalışacaq. Çünki ermənilər, onların havadarları həmişə humanitar yardım adı ilə hərbi yükləri daşıyıblar. İndi də bu halın təkrarlanması böyük ehtimaldır. Digər tərəfdən humanitar yardım belə, beynəlxalq hüququn normativləri ilə həyata keçirilməlidir. Yəni, dünən Ermənistan Baş naziri Nikol Paşinyan etiraf edirsə ki, Qarabağ hamı tərəfindən Azərbaycan ərazi bütövlüyü çərçivəsində tanınır, o halda, Ermənistan dövlət olaraq Azərbaycan tərəfinə humanitar yardım niyyəti ilə bağlı rəsmi müraciət etməli, yanlız müraciət müsbət qarşılandığı halda yüklər yola çıxarılmalıdır. Ancaq indi, Bakının rəsmi razılığı olmadan, Bakıya müraciət edilmədən onun ərazilərinə digər ölkədən özbaşına şəkildə yüklər danışmaq istənilir.
Ekspert əlavə edib ki, Bakının buna cavabı sərt olmalıdır:
“Ermənistan tərəfi yükləri özbaşına şəkildə keçirməyə cəhdini davam etdirərsə, o halda Azərbaycan tərəfi atəş aça, hətta raketlərlə, PUA və ya toplarla yükləri vurmalıdır. Bu yüklər istər humanitar, istər hərb olsun, fərqi yoxdur. Qanunsuz istənilən addım hədəfə çevrilməlidir. Düzdür bu mənim dəstəklədiyim fikir deyil. Amma görünən odur ki, hansısa qüvvə Azərbaycanı "humanitar" adı veriləcək o yükləri vurmağa təşviq edir, bunu istəyir. Bu isə, Ermənistan-Azərbaycan sülh prosesinə zərbə olmaqla bərabər, iki ölkə arasında münasibətlərin yenidən hərbi müstəviyə keçməsinə səbəb ola biləcək risklər daşıyır. Plan həm də Zəngəzur koridorunun, ümumiyyətlə tranzit yolların açılmasını gecikdirəcək, Bakının tranzit ölkəyə çevrilmək, beləcə Azərbaycanı daha güclü və önəmli ölkə etmək niyyətlərini sarsacaq. Əslində planı quran kimdirsə, yaxşı planlama aparıb. Çünki rəsmi Bakı elə bir seçim qarşısında qoyulur ki, yükləri vurmaqla sülh uzanması niyyətlərinin reallaşması və yuxarıdakı risklərə qapı açacaq, yükləri vurmasa isə, öz ərazilərindəki təxribatları əngəlləyə bilməyən tərəfə çevriləcək. Bu digər danışıqlar zamanı separatçıları tərəf kimi göstərmək cəhdlərini artıracaq, separatçılara 400 tondan çox dəstəklə onların müqavimətini asanlaşdıracaq”.
H.Səhrablı əlavə edib ki, daha mürəkkəb vəziyyətdə uğur qazanan, imkansız görünən əməliyyatları uğurla başa vuran və torpaqlarını azad edən Azərbaycan tərəfi bundan da üzüağ çıxa bilər:
“Bu isə, çəkindirmə addımlarının effektivliyini və diplomatik manevrlərin artırılmasını tələb edir. İndi rəsmi Bakı Paşinyan tərəfinə yaxşı izah etməlidir ki, hər iki halda Azərbaycandan daha zərərli çıxan Ermənistan olacaq. Əvəzində tək qazanan tərəf planı hazırlayan tərəflər olacaq. Planın kim tərəfindən hazırlanması məsələsinə gəlincə, hazırda Qarabağda problemin tam həlli Rusiyaya sərf etmir. Burada nəzarət mexanizmasını tam formalaşdırmaq istəyən Moskva indi bölgədə qarşıdurma yaranmasını, bunu bəhanə edərək müdaxiləsini artırmağa həvəslidir”.
Qeyd edək ki, İranın Nurduz sərhəd-keçid məntəqəsindən Ermənistana hərbi yükün olduğu avtomobil karvanının hərəkəti videogörüntülərdə qeydə alınıb. “Caliber”ə xəbər verir ki, yük İranın Bəndər Abbas limanına çatdırılıb.
Yük maşınlarının üzəri örtülsə də, onların hərbi məqsəd daşıdığı aydın görünür. Bildirilib ki, silah göndərən tərəf son vaxtlar Ermənistanın hərbi-texniki əməkdaşlığını sürətlə artırdığı Hindistandır.
Açıq mənbələrdən məlum olduğu kimi, Ermənistan və Hindistan 400 milyon dollarlıq hərbi müqavilə imzalayıb.
Xatırladaq ki, son zamanlar iki ölkənin hərbçiləri arasında tez-tez təmasların olması da onlar arasında hərbi əməkdaşlığın güclənməsindən xəbər verir.