“Rusiya böhranın nizamlanması üçün Ukrayna ilə dialoqa hazırdır”. Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Ukrayna hazırda çətin vəziyyətdədir:
“Buna baxmayaraq, rəsmi Kiyev fürsətləri qiymətləndirmir”.
Rusiyanın çətin vəziyyətə düşdüyünü bildirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli "Sherg.az"a vurğulayıb ki, onlar qazandıqları torpaqların əllərində qalması şərti ilə danışıqlar aparmağa çalışırlar:
"Ukrayna isə əks-hücum əməliyyatları keçirir və buna razı olmaz. Düzdür hələ rəsmi Kiyev istədiyi nəticəni əldə edə bilməyib, amma Zelenski 26 iyuldakı çıxışında həmin günü daha məhsuldar adlandırıb və 2 kvadrat kilometrə yaxın ərazinin azad edildiyini bildirib. Bununla paralel olaraq Putinin də çıxışı olub. O qeyd edib ki, əks-hücum uğursuzluğa düçar olub. Yəni ortada savaşla bərabər, ciddi informasiya müharibəsi gedir. Amma mən düşünmürəm ki, indiki vəziyyətdə Ukrayna danışıqlar masasına otursun. Heç buna Qərb də icazə verməz. Ümumiyyətlə bu ilin sonu ilə, gələn ilin əvvəli aralığında dialoq və atəşkəs gözləntiləri ola bilər. Ancaq üzümüzə gələn 3-4 ay ərzində əks-hücum davam edəcək və onun nəticələrinə uyğun olaraq hər iki tərəf addım atacaq”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.