Polşa “Vaqner” Xüsusi Hərbi Şirkəti yaraqlılarının və Belarusdakı Rusiya əsgərlərinin fəallığı fonunda yaxın gələcəkdə özünün nizami ordusunu demək olar, iki dəfə artırmaq niyyətindədir.
Bunu Polşa Baş nazirinin müavini Yaroslav Kaçinski deyib.
Baş nazirin müavininin sözlərinə görə, ölkədə hazırkı üç diviziya əvəzinə yeddi diviziya yaradılacaq, onlardan altısı döyüş, yeddincisi isə ehtiyatda olacaq.
"Biz hərbi hissələri bərpa edirik, yenilərini yaradırıq. İndi yenisi - altıncı diviziya yaradılır", - Kaçinski əlavə edib.
O, həmçinin vurğulayıb ki, Varşava NATO-nun şərq cinahında sipər olmaq üçün Avropanın ən güclü quru ordusunu yaratmağa çalışır.
Hadisəni dəyərləndirən siyasi şərhçi Turab Rzayev “Sherg.az”a vurğulayıb ki, Polşa Rusiya ilə NATO-nun cəbhə xəttində yerləşir:
“Yəni birbaşa NATO-Rusiya cəhbə xəttindədir. Digər tərəfdən isə Ukraynaya ən aktiv dəstək verən ölkələrin siyahısının başında gəlir. Ona görə də Rusiyanın hədəfi olma ehtimalı var. Dəfələrlə Rusiya tərəfi Polşanı, Slovakiyanı, Çexiyanı, Rumıniyaya Ukraynaya silah-sursat göndərdiyinə görə öz etirazını bildirib. Hətta Krımın vurması halında bu raketlərin Polşa və Rumıniyadan gətirildiyi üçün Krımın indiki rəhbəri yeraltı anbarların taktiki nüvə silahları ilə vurulmasını təklif eləmişdi. Çünki bu anbarlar çox dərində yerləşir və onları məhv etmək üçün Rusiya məcbur nüvə silahından istifadə etməlidir. Həmçinin müharibədən əvvəl də Lavrov öz çıxışında Qərbi bütün Avropadan, xüsusilə də Polşa və Baltik ölkələrindən çıxmağa çağırmışdır”.
Analitikin sözlərinə görə, Polşa hər zaman Rusiya siyasətçilərinin diqqət mərkəzindəki bir ərazi olub:
“Xüsusilə də onlar tərəfindən rəsmi Kiyevə açıq dəstəyin göstərilməsi və Ukrayna ilə İttifaq dövləti yaratmaq cəhdləri Şimal qonşumuzda qıcıq yaradır. Hətta Bir neçə gün əvvəl Rusiya tərəfi çıxış etmişdi ki, Polşanın Ukraynanın tarix Qərb vilayətində gözü var, onu işğal etməyə çalışır və biz bunun qarşısını almaq üçün həmin ərazilərə zərbə endirməliyik.İndiki halda Rusiyanın NATO ölkəsi olan Polşaya açıq hücum etməsini gözləmirəm. Çünki onsuz da, Ukraynada kifayət qədər çətinliklərlə qarşılanır. Ancaq nəzərə almalıyıq ki, Putin bir neçə dəfə gözlənilməyən addımlar atıb. Elə Ukrayna müharibəsinin özü də bunlardan biridir. Ona görə Polşaya qarşı hansısa həmlə ola bilər. Əgər belə bir ehtimal varsa, bunun Polşa və Baltik ölkələrin arasını kəsib Kaliningrada çıxaraq üç Baltik ölkəsini Rusiyadan asılı vəziyyətə salmaq planının olacağını düşünürəm. Ümumiyyətlə rəsmi Moskva çalışır ki, Polşanı Ukraynaya aktiv yardımdan çəkindirsin. Sırf vaqnerçilər orada olması həm Polşaya, həm də Ukraynaya təhdiddir. Çünki vaqnerçilər yenidən Şimaldan Kiyevə hücum edə bilərlər. Eyni zamanda bəzi analitiklər düşünür ki, vaqnerçilərin orada yerləşdirilməsi əslində Polşanın geniş miqyaslı Belarus hücum əməliyyatına və ya Ukraynaya böyük yardımın qarşısının alınması üçün orada saxlanılır. Yəni tezliklə Polşa-Rusiya və ya Polşa-Belarus müharibəsinin olacağını düşünmürəm”.
Qeyd edək ki, bir neçə gün əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqnerçi”lərin Varşavaya getmək istədiklərini etiraf edib.
“Onlar “Qərbə getmək istəyirik. İcazə verin” deyirlər. Deyirəm, Qərbə getməyə nə ehtiyac var? Yaxşı, Varşavaya, Jeşuvaya ekskursiyaya gedin”, - o deyib.