Türkiyənin xarici ticarətində ən önəmli ölkələrdən biri olan İraqla iqtisadi əlaqələr yenidən istiləşməyə başlayıb.
"Sherg.az" xəbər verir ki, Türkiyənin Ticarət naziri Ömer Bolat sabah iş adamlarından ibarət bir heyətlə bu ölkəyə gedəcək.
Bolat səfər çərçivəsində İraq prezidenti Əbdüllətif Rəşit və İraqın baş naziri Məhəmməd Şiya es-Sudani tərəfindən qəbul ediləcək.
Ö.Bolatın İraqın ticarət naziri Etir Davud Selman Əl-Qreyri, planlaşdırma naziri Məhəmməd Əli Temim, nəqliyyat naziri Razzak Mheybis Acimi Əl-Sədavi, Yenidənqurma və Mənzil Təsərrüfatı Naziri Bengin Rekani ilə ikitərəfli görüşləri nəzərdə tutulub. Həmçinin iş adamlarının iştirakı ilə dəyirmi masa görüşləri keçiriləcək.
Bolatın səfəri çərçivəsində iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin daha da gücləndirilməsi məsələləri müzakirə olunacaq və Türkiyə şirkətlərinin İraqdakı rolunun gücləndirilməsinə çalışılacaq.