Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) İranı təşkilatın “Döyüş Qardaşlığı - 2023” təlimlərinə müşahidəçi qismində dəvət edib.
KTMT-nin Birgə Qərargahının rəisi general-polkovnik Anatoli Sidorov avqustun 28-də keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib. O bildirib ki, təlimlərə həmçinin Çin, Səudiyyə Ərəbistanı və Monqolustan hərbi müşahidəçiləri də qatılacaq.
A.Sidorov təlimlərin planını açıqlamayıb, lakin aviasiya komponentinə və xüsusən də çoxlu sayda pilotsuz uçuş aparatlarının istifadəsinə ciddi diqqət yetiriləcəyini vurğulayıb.
Qeyd edək ki, “Döyüş Qardaşlığı - 2023” təlimləri sentyabrın 1-dən 6-dək Belarusda keçiriləcək. Xatırladaq ki, KTMT-yə Rusiya, Ermənistan, Belarus, Tacikistan, Qazaxıstan və Qırğız Respublikası daxildir.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a açıqlamasında bildirib ki, İranın KTMT təlimlərində müşahidəçi qismində iştirakı yeni hərbi blok formalaşdırmaq olunda atılan addımdır:
"İran Rusiyanın hərbi müttəfiqidir. Rusiya KTMT-ni yaratmaqla MDB ölkələri üzərində ən çox təsir imkanına malik dövlətlərdən ibarət hərbi ittifaa yaratdı. Xüsusilə, davam edən Rusiya-Ukrayna müharibəsindən sonra yeni imkanlar meydana çıxdı. KTMT-yə üzvlük, İranla dərin əlaqələr, birgə fəaliyyət imkanı yaradır. Rusiya Ermənistan vasitəsilə KTMT üzvü olan ölkə ilə sərhəd yaratmış olur".