Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı, Türkmənistandakı səfiri Həsən Zeynalov geri çağrılıb. Prezident İlham Əliyevin sərəncamına əsasən, Bünyad Hüseynov Çinin, Qismət Gözəlov Türkmənistanın, Nəsir Məmmədov İraqın yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Üç ölkəyə eyni gündə yeni səfirin təyin edilməsi maraq doğurur. Səfirlərin dəyişdirilməsi diplomatik missiya müddətinin başa çatması ilə əlaqəlidir, yoxsa konkret siyasi məqsədlər güdür? Ümumiyyətlə, bu üç ölkə ilə Azərbaycanın diplomatik əlaqələrinin indiki durumu necədir?
“Sherg.az”ın suallarını cavablandıran sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, səfirlərin dəyişilməsini nəinki regionda gedən geosiyasi dəyişikliklərlə, istənilən məsələ ilə əlaqələndirmək olar: “Bu qanunla nəzərdə tutulur, proses rotasiya adlandırılır. Təkcə Azərbaycanda yox, dünya təcrübəsində də yaşanır”.
Politoloq Elçin Xalidbəyli isə deyib ki, Çin, Türkmənistan və İraqla Azərbaycanın münasibətləri dərinləşib:
“Bir müddət əvvəl İraqın Kürdüstan Regionunun başçısı Azərbaycana səfər etmişdi. Azərbaycan böyük ehtimalla İraq ərazisindəki müəyyən etnik bölgələrlə daha sıx əlaqələr qurmağa ehtiyac duyur.
Çin də Azərbaycan üçün önəmli ölkələrdən biridir. Həm ticari, həm də siyasi tərəfdaşlarından sayılır. Orta Asiyada Çinlə əməkdaşlığa xüsusi önəm verilir. Çin Zəngəzur dəhlizinin açılmasında böyük rol oynaya biləcək ölkədir. Çin üçün Avropadan Asiyaya yüklərin daşınması Asiyanın ən güclü dövlətlərindən olan Çinin maraqlarına cavab verir. Azərbaycan Zəngəzur dəhlizinin açılmasında Çinlə tərəfdaşlıq etməkdə maraqlıdır.
Türkmənistan enerji resursları ölkəsidir. Azərbaycan türkmən qazını Avropaya çıxartmaqdan ötrü əsas tranzit ölkə sayılır. Yeni mərhələdə daha effektiv fəaliyyət üçün səfir dəyişdirilə bilər. Türkmən qazı “Transxəzər kəməri” layihəsində xüsusi önəm daşıyır. Azərbaycanın Avropa Birliyi ölkələri ilə imzaladığı enerji müaavilələrində Türkmənistandan alınacaq qazın həcmi nəzərə alınır.
Hər üç ölkə Azərbaycan üçün strateji əhəmiyyət daşıyır”.