Son bir neçə ildə İranda iqtisadi böhran yaşanır. İşçilər, təqaüdçülər, əlillər və xüsusi xəstəlikləri olan insanlar tibbi xidmətlərə və onların xərclərinə çıxışda bir çox problemlərlə üzləşirlər.
Avqustun 28-də Güneyi etiraz aksiyaları dalğası bürüyüb. Telekommuniukasiya sahəsinin təqaüdçüləri ölkənin bir sıra şəhərlərində hökumətin məşğulluq və tibbi sığorta siyasətinə qarşı etirazlarını bildiriblər.
Onlar "Həbs edilən müəllimlər azad edilsin!" şüarları səsləndiriblər. Həmçinin etiraz aksiyaları zamanı həbs edilən həmkarlarının sərbəst buraxılmalarını tələb ediblər.
Bu ilin əvvəlindən fəhlələr və təqaüdçülər məişət şəraitlərinin həlli üçün çoxlu toplantılar təşkil etsələr də, indiyədək 13-cü hökumət və məsul qurumlar etirazçılara müsbət cavab verməyiblər.
Güneydəki aksiyaları “Sherg.az”a şərh edən politoloq Sədrəddin Soltan deyib ki, belə aksiyalar vaxtaşırı keçirilir, gələcəkdə də təkrarlanması istisna edilmir.
Onun sözlərinə görə, rejimin yürütdüyü siyasətə görə iqtisadi maliyyə durumu ağırlaşır:
“İranda çoxsaylı sosial problemlərdən biri də təqaüdlərin vaxtında verilməməsidir. Bu məsələ son zamanlar daha da qabarıb. Hakimiyyət təqaüdçülərin aylıq müavinətlərini vermədikləri üçün qarşı tərəf buna etiraz edir. Hətta hicabla bağlı etiraz aksiyaları zamanı da təqaüd alanlar yürüşlərdə iştirak edərək sosial vəziyyətləri ilə bağlı şüarlar səsləndirirdilər.
Yaxın zamanlarda İran Mərkəzi Bankından 120 milyon manatdan artıq maliyyə vəsaiti oğurlandığına dair açıqlama yayılmışdı. Bu o deməkdir ki, İran hakimiyyətinin Mərkəzi Bankdan tutmuş digər qurumlarda da dövlət mülkiyyəti talan edilir. Talançılıq nəticəsində isə təqaüdçülərin müavinətləri gecikir.
Etiraz aksiyaları davam edərsə, sosial yönümlü şüarların da əlavə ediləcəyi gözləniləndir”.