"Biz ümid edirik ki, İran etdiyi səhvlərdən doğru nəticə çıxaracaq və Ermənistanı dəstəkləməkdən əl çəkəcək"
"Çox təəssüflər olsun ki, İran Azərbaycan münasibətlərində gərgin anlar və xoşagəlməz nüanslar olub".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.
O bildirib ki, hazırda Azərbaycan tərəfi İran həmkarları ilə gərginliyin aradan qaldırılması və yeni səhifənin yaradılması üçün çalışırlar:
"Azərbaycan hər zaman qonşuları ilə səmimi, dürüst əlaqələrin qurulmasında maraqlı olunb. Hətta Azərbaycan dünyada stabil tərafdaş olaraq qəbul edilir. Ancaq təəssüflər olsun ki, ölkəmizin bu mövqeyindən istifadə edən tərəflərdə üzə çıxır. İranı da bu qəbildən misal göstərə bilərik. Yəni Cənub qonşumuz bizə dost qardaş desə də, Ermənistanın mövqeyindən çıxış edib. Hətta Azərbaycanın regionda yaratdığı yeni reallıqları belə qəbul etmək istəməyib. Ancaq buna baxmayaraq indiki məqamda İran tərəfinin verdiyi açıqlamalar onu deməyə imkan verir ki, Cənub qonşumuz əlaqələrin bərpasında maraqlıdır. Lakin bunun doğru olub-olmadığını zaman göstərəcək. Biz ümid edirik ki, İran etdiyi səhvlərdən doğru nəticə çıxaracaq və Azərbaycana səmimi münasibət sərgiləməyə başlayacaq. Ən əsası Ermənistanı dəstəkləməkdən əl çəkəcək. Belə olan təqdirdə isə biz iki ölkə arasında həqiqətən də müsbət irəliləyişlərin şahidi ola bilərik".
Parlamentari əlavə edib ki, Azərbaycan və İran arasında olan iqtisadi layihələrin canlanması rəsmi Tehranın sərgiləyəcəyi mövqedən asılıdır:
"Eyni zamanda Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terraktı təşkil etmiş şəxslər öz cəzalarını almalıdır. Həmçinin İranda mövcud olan Azərbaycan əleyhinə yaradılmış qruplaşmalar var ki, onlar da ən qısa zamanda bizə təhvil verilməsinə şərait yaradılmalıdır. Mən düşünürəm ki, zamanla bu məsələlər də öz həllini tapacaq. Ümumiyyətlə güclənən Azərbaycan regionda nizam-intizamın qarantına çevrilməkdədir. Zamanla qonşularımız bu reallığı daha yaxşı dərk edəcəklər".
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin "i24news" telekanalına müsahibə verib. İranla münasibətlər barədə danışan Hikmət Hacıyev bildirib ki, İran Azərbaycanla qonşudur:
“Azərbaycanın siyasəti ondan ibarətdir ki, qonşularla stabil və qarşılıqlı səmərəli münasibətlər həmişə yaxşıdır. Bu, Azərbaycanın siyasətidir. Azərbaycan və İran arasında anlaşılmazlıq və yanlış kommunikasiyanın olduğu zamanlar olub. Lakin diplomatik kanallar vasitəsilə, dialoqla bunu həll etməyə çalışırıq. Həmçinin, İran tərəfindən müsbət mesajlar alırıq. Səhifəni çevirmək, əməkdaşlıq üçün müsbət atmosfer yaratmaq üçün diplomatik formatda iranlı həmkarlarımızla işləyirik”.