İran İsrailə zərbə vurmaq üçün sərhədimizdən 20 kilometr aralıda, Livanın cənubunda hava limanı inşa edib.
Bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib.
O, bəzi peyk şəkillərini nümayiş etdirərək hava limanında İran və terror təşkilatı olan Livan Hizbullahının bayraqlarının dalğalandığını göstərib.
Qallant bu hava limanını İranın İsrailə zərər vurmaq üçün həyata keçirdiyi terror aksiyalarının bir hissəsi adlandırıb.
“Vətəndaşlarımıza yönələn istənilən təhlükəyə qarşı tədbirlər görəcəyik”, - müdafiə naziri xəbərdarlıq edib.
İki ölkə arasında gərginliyin hər zaman pik həddə olduğunu deyən politoloq Aytən Qurbanova "Sherg.az"a qeyd edib ki, İran molla rejimi üçün İsrail “şər oxu”na daxil ölkələr sırasındadır:
“Hətta son zamanlarda iki ölkənin maraqları Cənubi Qafqaz bölgəsində də toqquşuraq gərginliyin ən yüksək həddinə çatıb. Ona görə də, İranın İsraili hədəf alaraq Livanın cənubunda belə bir hava limanı inşa etməsi təəccüb yaratmır. Amma mövcud şəraitdə iki ölkə arasında real hərbi toqquşma vəziyyətinin yaranacağını düşünmürəm. Çünki ağır sanksiyalarla mübarizə aparan İranın İsrail ilə ola biləcək istənilən belə hərbi toqquşma halı Qərblə mövcud böhranlı münasibətlərin daha da gərginləşməsinə gətirib çıxara bilər ki, bu da bu gün İran üçün heç də arzuolunan deyil”.