Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməniəsilli sakinlərə göndərdiyi yardım maşını Ağdam-Xankəndi yolu ilə gedərək Xankəndiyə çatıb.
“Report” xəbər verir ki, avtomobilin içərisində olan ərzaqlar Qarabağda yaşayan erməniəsilli sakinlərə çatdırılacaq.
Bununla da Azərbaycanın Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə olunmaqla yardım göstərmək təklifi artıq reallığa çevrilib.
Məsələni "Sherg.az"a şərh edən sabiq xarici işlər naziri Elmar Məmmədyarov söyləyib ki, Rusiya yüklərin keçməsi Ağdam-Xankəndi yolunun tam şəkildə açılması deyil:
"Bu düzgün bir hərəkətdir və ermənilər də başa düşürlər. Həmçinin biz bir məsələyə də toxunmalıyıq. Ümumiyyətlə bilirsiniz ki, rus sülhməramlıları lazımi ləvazimatları Ermənistandan helikopter vasitəsilə gətirirlər. Bundan sonra məsələni qaldırmaq lazımdır ki, artıq Ağdam-Xankəndi yolundan bir maşın keçib və sülhməramlılara lazım olan yüklər də Azərbaycan vasitəsilə göndərilsin. Belə bir məsələ onsuz da müzakirə olunub. Yəni onlar yükləri Gəncəyə gətirib buradan da lazımi yerlərə apara bilərlər. O zaman tam rahatlıqla deyə bilərik ki, Ağdam-Xankəndi yolu işləkdir".
E.Məmmədyarovun sözlərinə görə, yardımın göndərilməsi və maşınların keçməsi üçün şəraitin yaradıldığı sübut olunub:
"Lakin ilk növbədə sülhməramlılara helikopter vasitəsilə gedən yüklər Azərbaycandan keçməlidir. Sonrakı mərhələdə isə Qarabağdakı ermənilərə rahatlıqla yardım göndərilə bilər".