AŞPA-nın Hüquq Məsələləri və İnsan Haqları Komitəsi Rusiya Konstitusiyasına Vladimir Putinin 2036-cı ilə qədər hakimiyyətdə qalmasına imkan verən dəyişikliklərlə bağlı narahatlığını bildirib.
Bu barədə AŞPA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 2020-ci ilin iyulunda Rusiya Konstitusiyasına edilən dəyişikliklər prezidentlik müddətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutur və Putinə 2036-cı ilə qədər vəzifədə qalmasına imkan verir:
"Güclü parlament, müstəqil məhkəmə sistemi, azad media və vətəndaş cəmiyyəti kimi heç bir nəzarət, eləcə də tarazlığın olmaması ilə yanaşı, çox uzun müddət fəaliyyət göstərməsi nəticəsində yaranan prezidentin nəhəng səlahiyyəti Rusiyanı de-fakto diktatura dövlətə çevirdi".
AŞPA-nın narahatlığının Rusiyaya istisi-soyuğu olmadığını deyən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli "Sherg.az"a şərh edib ki, Qərb bütün sanksiya imkanlarından istifadə edib:
"Ümumiyyətlə bundan sonra AŞPA-nın Kremlə qarşı heç bir təsir rıçaqı qalmayıb. Digər tərəfdən Avropa Şurası Parlament Assambleyası onsuz da ciddi təsir imkanına malik olan qurum deyil. Yəni Avropada ondan daha nüfuzlu qurumlar var. Onların belə Moskvaya ciddi təzyiq edə bilmirlər. O ki, qaldı Rusiyanın diktatura məsələsinə, Putinə tam şəkildə diktator demək olmaz. O daha çox avtoritar siyasi liderdir. Düzdür, onun siyasi idarəsində diktə var və demokratik deyil. Ancaq Şimali Koreya və ya Çinlə muqayisədə daha yumuşaq siyasi sistem var".