Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müqəvvası İsveç parlamentinin qarşısında yandırılıb.
Bu barədə RİA Novosti məlumat yayıb.
Məlumatda bildirilir ki, aksiyanı terrorçu Kürd Fəhlə Partiyasının (PKK) tərəfdarları təşkil edib. Polis aksiyanı kənardan seyr etməklə kifayətlənib.
Belə hadisələrin daha əvvəl də olduğunu deyən politoloq, Ankara Universitetinin professoru Toğrul İsmayıl "Sherg.az"a bildirib ki, bunlar daxildə İsveçin NATO-ya üzv olmasını istəməyən qüvvələrin provakasiyalardır:
"Bəzi siyasi güclər bundan yararlanaraq iki ölkəni qarşı-qarşıya qoymağa çalışır. Həmçinin İsveç onsuz da "PKK, YPG və PYD" kimi terrorçu qruplaşmaları ölkədə saxlayır. Hətta terrorçuların Türkiyəyə verilməsi ilə bağlı qoyulan tələblər konteksində addımlar atılmır. Yəni İsveç rəhbərliyi tərəfindən bu gündəmə gətirilsə də, dövlət olaraq hansısa müsbət irəliləyiş yoxdur. Digər tərəfdən belə bir təxribatın İsveçin NATO-ya üzv olması kimi böyük məsələyə təsir etməsi mümkün deyil. Türkiyə İsveçdən qanunvericilikdə dəyişiklik istəyir. Əgər bu baş verərsə, Türkiyə Böyük Millət Məclisi də İsveçin NATO-ya üzvlüyünə dəstək verəcək. Belə hadisələr isə etik deyil".
Qeyd edək ki, İsveç NATO-ya üzv olmaq üçün Türkiyənin razılığını gözləyir.