Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videokonfrans formatında operativ müşavirə keçirib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, müşavirədə Rusiyanın ən yaxın qonşuları və müttəfiqləri ilə münasibətlərin inkişafı, habelə digər ölkələrlə münasibətlərdə Moskvanın maraqlarının təmin edilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Bundan sonra Təhlükəsizlik Şurasının iclaslarını daha tez-tez keçirməyin lazım gələcəyini deyən siyasi şərhçi Elçin Xalidbəyli "Sherg.az"a vurğulayıb ki, hazırda Rusiyanın daxilində və ətrafında baş verənlər onun üçün böyük təhlükədir:
"Kreml günahı kənarda yox, özünün xarici siyasətində axtarmalıdır. Məsələn, örnək kimi Rusiya XİN-in Azərbaycanın əleyhinə olan son çıxışını göstərmək olar. Rusiya XiN-i Bakının Ukraynanın ərazi bütövlüyünü tanıdığı və Donbaskla Krımda keçirilən "seçkilərin" nəticələrini tanımadığı üçün qınadı. Ancaq Azərbaycanın bu addımı beynəlxalq hüquqa uyğundur. Moskva isə istəyirdi ki, rəsmi Bakı qondarma seçkiləri tanısın. Bu onu göstərir ki, Rusiya qonşuları ilə normal münasibətlər qurmaq istəmir.
Onun üçün əsas öz maraqlarıdır. Məsələn, Azərbaycanla imzaladığı müttəfiqlik haqqında "Moskva" bəyannaməsində aşkar yazılıb ki, iki dövlət bir-birinin ərazisində separatizmə və terrora qarşı mübarizə aparacaq. Amma Rusiya Azərbaycanın ərazisində həm separatizmi, həm terroru dəstəkləyir. Bunlar onu göstərir ki, Putin istənilən qədər Təhlükəsizlik Şurasının iclasını keçirə bilər. Amma Kreml həm dünyada baş verən hadisələrə və qonşu ölkərə qarşı siyasətini dəyişməzsə, bu iclaslar ona kömək etməyəcək. Çünki hamını narazı salıb. Ən böyük problemlər isə öz daxilindədir. Əgər belə gedərsə, rəsmi Moskvanın Ukrayna savaşını davam etdirməyə iqtisadi gücü çatmayacaq. Yəni gələcəkdə Rusiyanı daha qara günlər gözləyir".