Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib: “Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk”.
Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.
Azərbaycan Mərkəzi Asiya ölkələri üçün önəminin artdığını deyən politoloq İlqar Vəlizadə "Sherg.az"a əlavə edib ki, Prezidentin ilk dəfə bu formata qatılması görüşü daha da önəmli edir:
"Ümumiyyətlə son vaxtlar regionda reallaşan bir çox layihələr Azərbaycanla əməkdaşlıqdan keçir. Burada Mərkəzi Asiya ölkələri üçün önəmli olan yol-nəqliyyat və enerji layihələrini qeyd etmək lazımdır. Digər tərəfdən Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında ikitərəfli ticarət münasibətləri də çoxalıb. Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında siyasi dialoq da çox vacibdir. Çünki son zamanlarda həm dünyada, həm də regionda xoşagəlməz proseslər aktivləşib. Hətta müxtəlif ölkələrə qarşı təzyiqlər çoxalıb. Buna tap gətirmək üçün isə kordinasıyalı şəkildə fəaliyyət göstərmək lazımdır. Digər tərəfdən son illərdə təhlükəsizliklə bağlı dialoqun önəmi də artıb. Burada təhlükəsizliyin hərbi-siyasi aspektlərindən söhbət gedir. Çox güman ki, sammitdə bu mövzuda da müzakirələr aparılacaq".
Qeyd edək ki, Tacikistanın paytaxtı Düşənbədə sentyabrın 14-də Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə həmin görüşdə fəxri qonaq qismində iştirak edir.
Xatırladaq ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinin keçirilməsi təşəbbüsü 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülüb. Birinci görüş Qazaxıstanda, ikinci görüş Özbəkistanda, üçüncüsü Türkmənistanda, dördüncüsü isə Qırğızıstanda keçirilib.