Paşinyan hakimiyyətini gözdən salmaq istəyirlər  - Ermənistanda son durum...

Əgər blokumuz bu seçkilərdə qalib gəlsə, ilin sonuna qədər Paşinyanı Hökumət binasından qovmağa söz verirəm.
Bunu Ermənistanın "Ana Ermənistan" blokundan İrəvan merliyinə namizəd Andranik Tevanyan bildirib.

"Biz hakimiyyət üçün siyasi dəfn mərasimi keçirəcəyik",-deyə Tevanyan tərəfdarlarına səslənib.
"Bu, müharibə ilə sülh, qələbə ilə məğlubiyyət arasında seçimdir. Əgər indiki hakimiyyət qalsa, o zaman müharibə və məğlubiyyət qaçılmazdır. Paşinyan qalsa, Ermənistan bir neçə gün ərzində subyektivliyini və dövlətçiliyini itirəcək. O, vətən xainidir. Vətən xaini Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyandır"- deyə erməni siyasətçi qeyd edib.

Tevanyanın açıqlamasının populist olduğunu deyən politoloq Natiq Miri "Sherg.az"a bildirib ki, Paşinyan hakimiyyətə gələndən bəri revanşist qüvvələr tərəfindən belə fikirlər təkrarlanır:

"Erməni ictimaiyyəti və Ermənistanın gələcək perspektivi üçün konkret təkliflər paketi ortaya qoyan siyasi güc mərkəzi yoxdur. Paşinyanı xəyanətdə ittiham etmək asandır və bunu erməni ictimaiyyəti hər gün eşidir. Ancaq bunu əvəzləyəcək qüvvələrin nə təklif etməsi məsələsi sual altında qalır. Bu sualın cavabını isə heç bir müxalifət qüvvəsi vermir. Ümumiyyətlə onlar "Artsax", "Müharibə", "Xəyanət" kimi populist şüarlarla çıxış edərək Paşinyan hakimiyyətini gözdən salmaq və ictimai rəyi aldadaraq hakimiyyətə gəlmək istəyirlər. Həmçinin bu gün revanşist müxalif qüvvələr parçalanmış vəziyyətdədir. Yəni İrəvan merliyinə seçkidə vahid şəkildə birləşə bilmirlər. Ona görə də düşünürəm ki, Tevanyanın dediklərinin ciddi bir qarşılığı olmayacaq. Bundan başqa erməni seçki elektaratı məsələlərə o qədər laqeyddir ki, mer seçkilərində iştirakın ciddi şəkildə olacağını gözləmirəm. Hətta düşünürəm ki, bu seçkidə iştirak edənlərin sayı çox az olacaq. Bu vəziyyətdə isə Paşinyanın rəhbərlik etdiyi siyasi komandanın namizədi Avenyanın qalib gəlmə imkanı daha çoxdur".
Analitik əlavə edib ki, az faizlə də olsa hakim komandanının qalib gələcəyinə inanır:

"Ümumiyyətlə Tevanyanın verdiyi açıqlamaların heç bir əsası yoxdur. Çünki bu fikirə dəstək verəcək elektarat mövcud deyil. Bu gün Paşinyanın nüfuzu yüksək olmasa, da onun alternativi yoxdur. Qarabağ klanı onsuz da qəbul olunmur. Digər qüvvələr isə çox zəif gücə malikdirlər. Bununla isə Paşinyanı hakimiyyətdən qovmaq mümkün deyil. Yəni sadəcə açıqlamalar seçki ərəfəsində deyilmiş boş sözlərdən başqa bir şey deyil".