Almaniyanın Federal Hökuməti Qarabağın "müstəqilliyini" və orada bu yaxınlarda keçirilmiş "seçkiləri" tanımır.
Bu barədə AFR Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Xarici İşlər Nazirliyindən qeyd ediblər ki, Almaniya Avropa İttifaqındakı tərəfdaşları ilə birlikdə Ermənistan ilə Azərbaycan arasında münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində hər iki dövlətin ərazi bütövlüyü əsasında uzunmüddətli tənzimlənməsinə nail olması üzrə səyləri dəstəkləyir".
Açıqlamanı "Sherg.az"a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov söyləyib ki, Almaniyanın bu addımı təqdirəlayiqdir:
"Çünki nəzərə almaq lazımdır ki, Almaniya Fransadan fərqli olaraq Avropa dəyərlərini real şəkildə nümayiş etdirdi və Qarabağdakı "seçkiləri" tanımayaraq beynəlxalq hüququn yanında olduğunu göstərməyə çalışdı. Ümumiyyətlə Almaniyada da Azərbaycan və Türkiyə əleyhinə fəaliyyət göstərən böyük bir dezinformasıya şəbəkəsi var. Bu şəbəkə Fransada olduğu kimi rəsmi Bakı ilə Ankaranın uğurlarını qısqanır və iki ölkəyə qarşı informasiya hücumları həyata keçirir. Lakin cənab Prezidentinin Almaniyaya ötən ilki uğurlu səfərindən sonra iki ölkə arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub. Belə məqamda Almaniya XİN-nin özünü demokratik hesab edən bəzi Qərb ölkələrindən fərqli olaraq Azərbaycanın ərazi bütövlüyünə dəstək verməsi vacib əhəmiyyətə malikdir. Həmçinin hesab edirəm ki, onsuz da inkişaf etməkdə olan Bakı və Berlin arasındakı münasibətlərin yeni bir mərhələyə qədəm qoyacaq. Ümumiyyətlə iki ölkə arasındakı münasibətlərin yaxşılaşması Almaniya Xarici İşlər Nazirliyinin bəyanatında bir daha sübut olundu".