İran və ABŞ məhbusları bu gün "beşə beş" formatında azad olunacaq.
Bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasir Kənani bu gün mətbuat konfransında deyib.
"ABŞ həbsxanalarındakı 5 İran vətəndaşı və İranda həbsdə olan 5 ABŞ vətəndaşı bu gün sərbəst buraxılacaq", - deyən Kənani əlavə edib ki, 2 İran vətəndaşı öz istəyi ilə ölkəyə geri qayıdacaq, biri üçüncü ölkədə ailəsinin yanına gedəcək, 2 vətəndaş isə ABŞ-də qalmaq istədiyini bildirib.
Qərarın rəsmi Tehran və Vaşinqton arasındakı əlaqələrin normallaşması mənasını daşımadığını deyən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a bildirib ki, İran və ABŞ arasında olan münasibətlərdəki gərginlik daha genişdir:
"Təkcə məhbus mübadiləsi və dondurulmuş hesabların aktivləşdirilməsi iki ölkə arasındakı soyuqluğu, gərginliyi azalmasına kifayət etmir. Çünki ABŞ və İran biri-birinə güvənmirlər. Qərar isə onunla izah etmək olar ki, dünyada Amerika mərkəzli qütbə qarşı fərqli birliklər ortaya çıxır və belə vəziyyətdə ABŞ düşünür ki, bütün cəbhələrdə dünyanın böyük dövlətləri ilə mübarizə aparmaq onun qüvvələrini tükəndirə bilər. Yəni Amerika eyni anda Rusiya, İran, Çin, Brazilya kimi ölkələrlə mübarizə aparsa, bu onun resurslarının azalmasına səbəb ola bilər ki, bu da super güc kimi sıradan çıxması deməkdir.
Ona görə də Vaşinqton Rusiya və Çinə qarşı mübarizədə İranı neytrallaşdırmağa çalışır. Belə vəziyyətdə isə Yaxın Şərqdə ABŞ-yə qarşı İran mərkəzli hansısa geosiyasi qarşıdurma mühiti formalaşdırılmasın. Amma bu demək deyil ki, vəziyyət rəsmi Vaşinqtonun planladığı kimi olacaq. Çünki İran özünün ənənəvi siyasət xəttindən imtina etməyəcək və əlinə keçmiş fürsəti dəyərləndirməyə çalışacaq. Yəni ABŞ-nin başı Rusiya və Çinlə mübarizəyə qarışmasından istifadə edərək yaxın Şərqdəki planlarını reallaşdırmağa çalışacaq. Lakin Amerika müqayisədə həm Çindən, həm Rusiyadan, həm də İrandan çox güclü bir dövlətdir. Hətta ona qarşı yaradılan qütbləşmədə belə tək deyil. Razılaşma isə ənənəvidir və tezliklə unudulacaq".
Qeyd edək ki, avqustun 10-da “The New York Times” qəzeti Vaşinqtonla Tehranın məhbus mübadiləsi barədə razılığa gəldiyini yazıb. Elə həmin gün Ağ ev belə bir razılaşmanın mövcudluğunu təsdiqləyib. Razılaşmaya əsasən, İran ABŞ-nin sanksiyaları səbəbindən Cənubi Koreyanın bank hesablarında dondurulan 6 milyard dolları geri ala biləcək.
Xatırladaq ki, Tehran “Nüvə sazişindən” çıxdıqdan sonra ABŞ İrana qarşı sanksiyalar tətbiq edib. Nəticədə ən iri səkkiz neft idxalatçısı, o cümlədən Cənubi Koreya İrandan enerji resursları almağı dayandırıb. Eyni zamanda, Koreya Respublikası İran neftinin idxalı üçün nəzərdə tutulan vəsaiti dondurmaq qərarına gəlib.