Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ağdam yolu ilə apardığı humanitar yardım Xankəndiyə çatıb.
Yükün paylanılmasına başlanılıb.
Hadisəni “Sherg.az”a şərh edən politoloq Aytən Qurbanova vurğulayıb ki,Ağdam-Xankəndi yolunun açılması Azərbaycanın növbəti qələbəsi olaraq dəyərləndirilməlidir:
“Ümumiyyətlə, bu yolun açılması ilə bağlı hər hansı bir tərəddüd yox idi. Çünki Azərbaycan öz suveren ərazilərində hansı yolun istifadəsini məqbul hesab edirsə, bu belə də olmalıdır. Hər zaman ifadə etdiyimiz kimi Azərbaycan bir-bir öz hədəflərinə nail olur. Növbəti hədəflərimiz təbii ki, kommunikasiya xətlərinin bərpa olunması, reinteqrasiya prosesini uğurlu şəkildə yekunlaşdırmaq və Ermənistan ilə sülh müqaviləsini imzalamaqdır. Amma onu da qeyd etmək lazımdır ki, sülh müqaviləsi bizim üçün yekun hədəf deyil, sadəcə münasibətlərin əsasını formalaşdıran çərçivə sənədidir. Yəni Ermənistanın mövqeyindən asılı olmayaraq kommunikasiya xətlərinin bərpa olunması və regional təhlükəsizliyin təmin edilməsi Azərbaycan üçün prioritet məqsədlər hesab oluna bilər”.
Qeyd edək ki, BQXK ilə əldə olunan razılığa əsasən sentyabrın 18-də səhər saatlarında Ağdam-Xankəndi yolunda komitəyə məxsus avtomobillərin keçidi təmin olunub. BQXK-nın iki minik və bir yük avtomobili Ağdam-Xankəndi yolu ilə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə gedib. Aparılan yükün Qarabağda yaşayan erməni əsilli şəxslərə çatdırılması nəzərdə tutulur.
Xatırladaq ki, sentyabrın 12-də Rusiya Qırmızı Xaç Cəmiyyətinin göndərdiyi humanitar yük avtomobilinin də Ağdam-Xankəndi yolu ilə keçidi təmin edilmişdi.