Müdafiə Nazirliyinin (MN) rəhbərliyi tərəfindən lokal xarakterli antiterror tədbirlərinin dayandırılması ilə bağlı qoşunlara tapşırıqlar verilib.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov brifinqdə deyib.
O bildirib ki, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən qoşunlara müvafiq tapşırıq verilib: "Hazırda Silahlı Qüvvəllər tərəfindən verilmiş tapşırıqlar icra olunur".
Ermənilərin və rusların vədlərinə inanmamalı olduğumuzu deyən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a qeyd edib ki, antiterror tədbirləri müvəqqəti olaraq dayandırılmalıdır:
"Yəni biz ordumuzu çıxarmalıyıq və əldə etdiyimiz mövqelər buraxılmamalıdır. Çünki 2020-ci ildə əldə olunmuş razılığa görə Qarabağdakı qanunsuz erməni birləşmələri ərazilərimizdən çıxarılmalı idi, lakin bu baş vermədi. Bu dəfə də sözügedən qanunsuz silahlıların çıxacağına heç kəs zəmanət verə bilmir. Yəni nə Rusiya, nə Ermənistan, nə də Qarabağdakı separatçılar bununla bağlı qarantiya verməyib. Burada isə bizim yeganə güvəncəmiz ordumuzdur. Yəni onlara müvəqqəti vaxt verilməlidir. Bu zaman ərzində separatçılar heç bir təxribat törətməsələr və ərazilərimizi tərk etsələr, hər şey qaydasında olacaq. Yox əgər tərk etməsələr, lokal tədbirlər bərpa olunmalıdır. Bu səbəblə də düşünürəm ki, antiterror tədbirlərinin dayandırılması cümləsinin önünə müvəqqəti sözü qoyulmalıdır".
Qeyd edək ki, Müdafiə Nazirliyindən Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunurları barəsində məlumat verilib.
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.