Azərbaycan respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20 də xalqa müraciətində bildirib ki, bizerməni xalqını yox, kriminal rejimi və başda duranlar günahlandırırıq.
Həmçinin Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə dialoq prosesinə dair ictimai rəyi öyrənmək məqsədilə əhali arasında sorğu keçirib.
Mərkəzdən bildirilib ki, sorğunun nəticələrinə əsasən, respondentlərin 63.3%-i dialoq prosesini dəstəklədiyini, 27.4%-i dəstəkləmədiyini ifadə edib. Sorğu iştirakçılarının 9.2%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.
Dialoq prosesini dəstəkləyənlərin 49.0%-i dialoqun birbaşa təmaslar yolu ilə aparılmasını üstün hesab edib. Onların 37.3%-i istənilən formatı məqbul hesab etdiyini bildirərkən, 12.2%-i vasitəçilik yoluna üstünlük verdiyini bildirib. Sorğu iştirakçılarının 1.6%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.
Qarabağdakı erməni əhalinin inteqrasiya məsələsini “Sherg.az”a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli vurğulayıb ki, Azərbaycan hakimiyyəti prosesi aparır:
"Prosesi Azərbaycanın apardığı və reallaşdırdığı məsələsi üzərindən qiymətləndirməyin tərəfdarıyam. Çünki terrorçular Ermənistanda və Azərbaycanda prosesi baltalayan və 30 il ərzində məsələ üzərində münaqişə yaradan təsir vasitəsi olub. Ümumiyyətlə bizim birgə yaşayışa yönəlik keçmiş təcrübəmiz var. Amma onların idealoji problemləri və separatçı baxışları iki toplumu düşmənə çevirdi. Azərbaycan rəhbərliyinin müəyyən etdiyi baxış isə çox yerindədir. Həqiqətən də iki xalqın arasına girən qüvvələr ortadan çıxarılmalıdır. Azərbaycan isə o qüvvələri təmizləmək üçün məsələyə lokal antiterror tədbirləri üzərindən yanaşdı. İndi isə Yevlaxda dialoqlar davam edir. Bu müzakirələri əlahiddə hadisə kimi qiymətləndirmək yanlışdır. Çünki Azərbaycan prosesi meydanda həll edib. Ümumiyyətlə Yevlaxda sadəcə hərəkət təqvimi müəyyən olunur ki, separatçılar kimləri, nələri təhvil verəcək və kimlər qalacaq. Yəni burada tələblərin transformasiyası, əhalinin vəziyyəti, sosial proqramlar, cinayətlərə görə terrorçuların cəzalandırılması kimi bir çox məsələlər var".