Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışında Azərbaycanı əsassız və yalan məlumatlarla günahlandırıb.
Çıxışı təqdim edirik:
“10 aylıq blokadaya görə insanlar ac qalmaqda davam edir. Səhiyyə sistemi iflic vəziyyətindədir. Dağlıq Qarabağdan olan görüntülər həqiqətən də şoka salır. Analar itkin düşən övladlarını tapmağa çalışırlar... Dağlıq Qarabağın yaşayış məntəqələrindən birində 8 yaşlı uşaq partlayış zamanı itkin düşüb. Onun 10 yaşlı qardaşı öldürülüb, cəsədini hətta kənddən çıxarmaq mümkün olmayıb. Daha bir qardaş yaralanıb... Azərbaycanın gözündə bu uşaqlar terrorçudur və Azərbaycanın hərəkətləri bu uşaqlara, onların analarına, nənələrinə, babalarına qarşı olub... Azərbaycanın sosial şəbəkələri itkin düşən uşaq və qadınların tapılması, zorlanması çağırışları ilə doludur. onları parçalayıb itlərə yedizdirirlər... Azərbaycanlı sosial şəbəkə istifadəçiləri sosial şəbəkələrdə Dağlıq Qarabağ qadınlarının profillərini paylaşır və Azərbaycanın nəzarətinə keçəndə bu qadınlardan hansının zorlanacağına mərc edirlər”.
Ermənistan Baş naziri Nikol Paşinyan isə bildirib ki, Qarabağ əhalisi arasında kütləvi itkilərin olması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.
“Qarabağda ermənilər üçün heç bir təhlükə yoxdur. Zərurət yaranarsa, ermənilərin Qarabağdan çıxarılması məsələsinə baxacağıq, hazırda təhlükə yoxdur”.
Ermənistan hakimiyyətinin bu ziddiyətli fikirləri marağa səbəb olub. Sual yaranır ki, Mirzoyan tərəfindən səsləndirilən bu ziddiyətli fikirlər bilərəkdən Azərbaycana qarşı hansısa qətnamənin qəbul olunmasınamı hesablanıb?
Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadə "Sherg.az"a bildirib ki, Ermənistanın Xarici İşləri naziri ilə Baş nazirin fikirləri üst-üstə düşmür:
"Qərb onları izləyir. Təbii ki, burada kimin sözü onlara xeyir edirsə, ona üstünlük verəcəklər. Həmçinin kimin "çəkisi" çoxdursa, ona inanacaqlar. Yəni Nikol Paşinyanın sözləri əsas götürüləcək. Ermənistanda məmur intizamı belə yoxdur. Hətta ölkənin bütün siyasəti yalan üstündə qurulub. Qərb də bunu yaxşı başa düşür. Çünki onların kəşfiyyatçıları, siyasətçiləri və alimləri həm Ermənistanı, həm də Azərbaycanı araşdırıb öyrənirlər. Digər tərəfdən Ermənistan hakimiyyətinin fikirləri uzlaşmır. Ararat Mirzoyan erməni təbliğatının boyat mahnılarını oxuyur. Paşinyan isə dəqiq və son məlumatları çatdırır".