Ukraynanın Rusiya ilə müharibədə qələbəsinin qeyri-mümkün olduğunu, Avropa İttifaqı və ABŞ-ın regionda baş verən siyasi proseslərdə iştirak etməməsini, Azərbaycan və Türkiyə üçün heç bir maneənin olmadığını nəzərə alsaq, Ermənistan üçün faciəvi perspektiv uzaq görünmür.
Bu barədə erməni şərhçi Hraçya Qalustyan yazıb.
Onun sözlərinə görə, Putin 2024-cü ildə Rusiyada yenidən prezident seçiləndən sonra Ukraynada daha genişmiqyaslı hücuma keçə bilər.
“Qərb kəşfiyyat orqanları bu haqda xəbərdarlıq edir. Lakin 2024-cü ilə qədər döyüş meydanında vəziyyətin səngiyəcəyi də gözlənilir. Bu, Rusiya üçün faydalı olan “dondurulmuş münaqişə” vəziyyətini yaradır. Digər tərəfdən, Rusiya Qərblə ticarətini davam etdirir, təkcə enerji resurslarının gəlirindən 600 milyard dollar qazanc əldə edib. Nəticə etibarilə, Putini devirə bilmədilər və oyun baş tutmadı. Bu təhlükəlidir, çünki o, yeni əraziləri ilhaq etmək istəyəcək, həm də təkcə Ukraynada, Moldovada və Qazaxıstanda yox. Putin Gürcüstandan yeni ərazilər qopara bilər. Ermənistan üçün də ciddi risklər var və çətin ki, İrəvanın Avropaya inteqrasiyadan imtina etməsi Putin üçün kifayət etsin. Ermənistan Belarus və Rusiya ilə ittifaq dövlətinə daxil olmalıdır. Buna nail olmayana qədər dayanmayacaqlar. Doğrudur, ortada ümumi sərhədlər yoxdur, lakin Gümrüdəki 102-ci hərbi baza Rusiyanın Ermənistanı ələ keçirməsi üçün yetərlidir”, – o deyib.
H.Qalustyan bildirib ki, ABŞ prezident seçkilərinə qərq olacaq, Fransa dünyadakı mövqeyini itirir, üstəlik Aİ və NATO-nun bütün diqqəti Ukraynaya yönəlib.
“Beləliklə, Qərb cəbhəsinin Ermənistana ayırmağa vaxtı olmayacaq. Bu, Kremlin əlini gücləndirir. Eyni zamanda, bu Azərbaycan və Türkiyə üçün də sərfəlidir. İlhaq olunan Ermənistanda onların da payı olacaq. Çünki Rusiya Ermənistanı ilhaq edəndə onlar öz planlarını tətbiq edəcək. Bir zamanlar Qarabağı itirmək haqda danışanda, bu, illuziya kimi görünürdü. Nəticədə itirdik. İndi Ermənistanı itirmək təhlükəsi var və bu, heç də uzaq perspektiv deyil”, – Qalustyan qeyd edib.
Qalustyanın sözlərinə münasibət bildirən tanınmış jurnalist, politoloq Fuad Abbasov "Sherg.az"a söyləyib ki, Qərbin Ermənistana yönəlik müəyyən planları var:
" Bu planlar isə Rusiyanın Cənubi Qafqazdakı mövqeyi ilə üst-üstə düşmür. Hraçya Qalustyanın sözlərində həqiqət var ki, Ermənistanı yaxşı bir gələcək gözləmir. Keçən əsrin əvvəllərində istər Türkisistan ərazisində, istərsə də Azərbaycanın özündə bolşevik hakimiyyəti erməni daşnaqlarını istifadə edərək Sovet hakimiyyətinin qurulmasına görə terror, soyqırım kimi hadisələri törətmək üçün əmrlər verirdi. Həm Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, həm də digər bölgələrdə Sovet hakimiyyəti qurmaq adıyla erməni daşnaqları yerli əhaliyə zülm verib. Bunun adını isə sovetləşdirmə qoymuşdular. Bu gün də Ermənistanın digər dövlətlər tərəfindən müxtəlif məqsədlərlə istifadə olunması gündəmdədir. Fransa Ermənistanı sadəcə silahlandırmır, eyni zamanda hərbi təlimlər keçirir. Bu hərbi təlimlər isə NATO standartlarına uyğun şəkildə aparılır. Yəni Fransanın ermənilərə hərbi dərslər keçərək Azərbaycana qarşı istifadə etməsi ağlabatan deyil. Çünki Azərbaycan dövləti bölgədə sözünü deyib və bütün dünya tərəfindən qəbul edilib. Böyük ehtimalla Fransa ermənilərə hərbi təlimlər keçirməklə Rusiyaya qarşı istifadə etməyə çalışır. Əvvəllər belə bir deyim var idi, Avropa son Ukrayna əsgərinə qədər Rusiya ilə mübarizə aparmağa hazırdır. İndi eyni kəliməni ermənilərə söyləmək olar. Yəni Avropa xüsusilə də Fransa son erməni əsgərinə kimi Rusiya ilə mübarizə aparmağa hazırdır".
Ekspert qeyd edib ki, həm Fransa, ABŞ, həm də digər dövlətlərin ermənilərlə əlaqədar planları Rusiyaya da məlumdur:
"Rusiya burada əlini-qolunu sallayaraq vəziyyətin necə inkişaf edəcəyini gözləyəcək durumda deyil. Rusiyanın da Ermənistana qarşı atacağı addımlar var. Bu addımlar Ermənistanın lehinə olmayacaq. Buna görə də Ermənistanın bir neçə bölgəyə parçalanma ehtimalı çox böyükdür. Bu ərazilərin hər bir hissəsinə Türkiyə, Rusiya və Azərbaycanın nəzarət etməsi gözlənilə bilər. Azərbaycanın nəzarəti altında bir erməni muxtariyyətinin yaranması da istisna deyil. Çünki indi Ermənistanın bölgədə apardığı fəaliyyətlər onları ancaq bu yönə gətirib çıxara bilər. 2008-ci ildə Mixail Saakaşvilinin Avropaya güvənərək apardığı siyasətin nəticəsində Gürcüstan bir neçə hissəyə bölündü. Gürcüstan hələ də öz müstəqilliyini və torpaq suverenliyini bərpa etmək iqtidarında deyil. Bəlkə bundan sonra uzun illər də boyunca bərpa edə bilməyəcək. Çünki iqtidar daha çox rus tərəfdarıdır. Ermənistanın da eyni şəkildə cəzalandırılması Rusiya üçün böyük problem kəsb etməz".