Qərbin ilginc tələbi: İrəvanın nəbzi yoxlanılır?

Qərb Ermənistanda növbədənkənar parlament seçkisi keçirməyi tələb edir.
Bu iddia ilə Ermənistanda dərc edilən “Hraparak” nəşri çıxış edib.
Nəşr yazır ki, seçki tələbi, əsasən, Qərb dairələrindən gəlir, belə ki, onlar Nikol Paşinyanın nüfuzdan düşəcəyindən ehtiyat edirlər.
Yazıda qeyd olunur ki, öz partiyasının iclaslarının birində Nikol Paşinyan ötəri də olsa, gələn il seçkinin keçiriləcəyini istisna etməyib.
“Paşinyanın partiyası getdikcə nüfuzdan düşür, digər tərəfdən isə yeni müxalifət qüvvələrinin formalaşması ehtimalı artır, ona görə də o, müxalifətçiləri qabaqlamaq qərarına gəlib. Paşinyan anlayır ki, zaman hakimiyyətin əleyhinə işləyir”, - qəzet yazır.

Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən siyasi şərhçi Aqşin Kərimov bildirib ki, Ermənistanda növbədənkənar parlament seçkisi ilə bağlı iddia nəbz yoxlanışı məqsədi daşıya bilər:
"Ümumiyyətlə İrəvanda belə bir qərarın olub-olmamasını aydınlaşdırmaq indi üçün çətindir. Bir mənzərəni aydın görmək lazımdır. Əvvəllər Ermənistandakı hakimiyyətin başında kimin durmasının Rusiya və Qərb üçün o qədər də önəmi yox idi. 
Qərbin Robert Koçaryan və Serj Sarkisyana münasibəti necə idisə, indi də eyni simpatiyanı Nikol Paşinyana göstərirlər. Rusiyanın da Koçaryan və Sarkisyana rəğbəti var idi, lakin Paşinyanın regional kartları dəyişdirmək cəhdindən bəri Moskva ənənəvi siyasətinə redaktələr edir.  Ermənistan indi Rusiya üçün dalan, Qərb üçün Moskvanı Cənubi Qafqazda sıxışdırmaq pəncərəsidir".


Ekspert qeyd edib ki, Rusiya Qərbi öz qırmızı çərçivələrinin həndəvərindən itələyib “təhlükəsiz zonaya” çıxarmaq üçün Azərbaycan və Türkiyə ilə əməkdaşlığa önəm verir:
"Lakin Azərbaycan qırmızı xətlərini özünün strateji maraqları hüdudlarından kənara çıxarıb başqa ölkənin ambisiyalarına inteqrasiya etdirmir. Burada Azərbaycan Qərblə də, Rusiya da ilə də səmərəli və inkişaf edəcək əməkdaşlığa çalışır, daha birinin digərini oyundan kənarlaşdırmaqdan ötrü planları icra etmir. Ermənistan isə oxu Rusiyaya qarşı tuşlayır. Lakin onun regional siyasətdə manevr imkanları yoxdur, o, direktivlərlə hərəkət edir. Ermənistanda Paşinyan öz hakimiyyətini qorumaq üçün təhlükələrlə əlaqədar regional auditoriyanı inandırmalıdır. Burada Paşinyan üçün ən yaxşı seçim seçki prosesi ola bilər. 
Ermənistanda Rusiyapərəst qüvvələrin hakimiyyətə gəlmək ehtimalı isə yalnız hərbi çevrilişlə mümkündür. Real seçki şəraitində ruspərəst dairələrin şansı yoxdur, keçmiş prezidentlər Koçaryan və Sarksyana isə erməni ictimai rəyində nifrət var".