Ermənistan parlamentinin spikeri Alen Simonyan və assambleyanın digər nümayəndələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dekabrın 19-da Moskvada keçiriləcək sessiyasında iştirak etməyəcək.
Bunu parlamentin mətbuat katibi Tsovinar Xaçatryan açıqlayıb.
“Simonyan bu gün Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinə ünvanladığı rəsmi məktubda sessiyaya qatılmayacağını bildirib”, – Xaçatryan deyib.
Tsovinar Xaçatryanın açıqlamasına münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov "Sherg.az"a deyib ki, faktiki olaraq bu gün Ermənistan hakimiyyəti ilə Rusiyanın patronajlığı altında siyasi, hərbi və iqtisadi təşkilatlar arasındakı ziddiyyətlər kəskinləşir:
"Ümumiyyətlə Ermənistanın indiki zamanda KTMT-yə mövqeyi birmənalı deyil. Xüsusilə Ermənistan Parlamentinin spikeri Alen Simonyan Paşinyan hakimiyyəti içərisində KTMT-yə qarşı ən radikal mövqeyi olan şəxsdir. KTMT ilə Nikol Paşinyan hakimiyyəti arasında münasibətlər düzəlməyib ki, Ermənistan növbəti dəfə hansısa formada onun iclasına qatılsın. Bu Ermənistan hakimiyyəti ilə KTMT arasındakı ziddiyyətlərin hələ də dava etdiyini və fikir ayrılıqlarının aradan qalxmadığını göstərir. Əlbəttə, burada Qərb və Fransanın təhdidləri də var. Fransa Ermənistanı boşuna silahlandırmır. Yəni Fransanın Ermənistanı hərbiləşdirməsinə qarşılıq olaraq müəyyən tələbləri var. Bu tələblərdən biri də Ermənistanın KTMT ilə münasibətlərini daha da konfrantasiya halına gətirməsi olacaq. KTMT üzvlərinin bu məsələyə mövqeyi birmənalıdır. Ümumiyyətlə Belarus və Rusiyadan başqa digər KTMT üzvləri Ermənistanın orada olub-olmaması ilə bağlı mövqe ortaya qoymur. KTMT-nin nümayəndəsi olan iki ölkə Türk Dövlətləri Təşkilatının üzvüdür. Eyni zamanda həmin ölkələr başa düşürlər ki, Ermənistanın heç bir hərbi potensialı yoxdur. Buna görə də KTMT-yə heç bir töhfə verə bilməz. Dekabr ayı ərzində Rusiyada bir sıra görüşlər keçiriləcək. Ola bilsin ki, Ermənistan həmin görüşlərin birində iştirak etməklə KTMT-nin iclasına qatılmamağı konpensasiya etməyə çalışsın".