Bizim tərəfimizdən antiterror tədbirləri planlaşdırılmamışdı. Ən azı 2020-ci ilin noyabrında belə bir şey yox idi, mən bunu çox aydın şəkildə deyə bilərəm.
Bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda ifadə edib.
İki ölkə arasında imzalanacaq sülh sazişinin beynəlxalq ekspertlər tərəfindən də lazımi şəkildə araşdırılmalı olduğunu deyən dövlətimizin başçısı əlavə edib:
“Otuz ildən artıq işğalı, öz ərazisinin tamamilə dağıdılmasını, etnik təmizləməni və əziyyətləri görən ölkə olaraq biz beynəlxalq vasitəçilərə yox, məhz Ermənistana əl uzatdıq”. Sülh müqaviləsinin prinsiplərini tərtib edib Ermənistana göndərildiyini, lakin yenə də sükut olduğunu qeyd edən Prezident İlham Əliyev bildirib: “Sonra beş məlum prinsip açıqlandı. İndi görünür ki, Ermənistan bunları qəbul etməyə yaxındır. Onlar bunu baza kimi götürə bilərlər. Bunu bir neçə il əvvəl etsəydilər, əlbəttə ki, antiterror əməliyyatına ehtiyac qalmazdı. Bu tarixdir və onu göstərir ki, sülhü təşviq edən tərəf məhz Azərbaycan idi, Ermənistan deyil".
Açıqlamanı "Sherg.az"a şərh edən "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov vurğulayıb ki, artıq Ermənistanın Azərbaycanın təkliflərini qəbul etməmək kimi şansı yoxdur:
"Ermənistan sülhü qəbul etməsə, yenidən münaqişə olacaq. Yəni sülhün qəbul edilməməsi müharibəyə yönəlmək deməkdir. Bu isə Ermənistanın dövlət olaraq məhvinə səbəb ola bilər. Əgər Ermənistan Azərbaycana qarşı hansısa iddia irəli sürür və sülhdən qaçırsa, deməli, başqa həll yolu qoymur. Ermənistanın bu vəziyyətə gəlməsinin səbəbi ona süni şəkildə dəstək verən havadarlarının havası ilə gəzməsidir. Ermənistan hələ də anlamır ki, onun başqa alternativi yoxdur. Onlar ya sülhə razı olmalı, ya da savaş istəyirlərsə, müharibə baş tutacaq. Azərbaycanın irəli sürdüyü beş prinsip beynəlxalq hüquqla təsbit edilmiş və hər bir dövlətin maraqlarına xidmət edən qaydalardır. Ermənistanın bunu qəbul etməməsi açıq şəkildə beynəlxalq hüququ pozmaq deməkdir. Ermənistan buna davam etsə, artıq bu müharibə səbəbi olacaq. Amma Nikol Paşinyan hakimiyyəti o qədər risqə gedəcək vəziyyətdə deyil. Əgər Cənab Prezident İlham Əliyev həmin məsələyə toxunubsa, demək ki, bununla bağlı ciddi siqnallar mövcuddur. Sadəcə olaraq danışıqlar getdiyi üçün müəyyən məsələlər açıq şəkildə deyilə bilməz".