“Avropa İttifaqı ilə, Avropa Komissiyası ilə bizim çox yaxşı münasibətlərimiz var, sıx təmaslarımız var. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Bizim xarici ticarətimizin təqribən 50 faizi Avropa İttifaqı ilə aparılır”.
Bu barədə Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda beynəlxalq forumda bildirib.
Azərbaycanın Avropa İttifaqının doqquz üzvü ilə strateji tərəfdaşlığa dair bəyanatlar qəbul etdiyini xatırladan dövlətimizin başçısı deyib:
“Bu da Avropa İttifaqının üçdəbiri deməkdir. Bu onu nümayiş etdirir ki, milli səviyyədə və təsisatlar səviyyəsində bizim əlaqələrimiz çox yaxşıdır. Şəxsən mən və Azərbaycan Şarl Mişelin səylərini hər zaman dəstəkləmişik ki, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulsun. Onun tərəfindən Brüsseldə bir neçə görüş təşkil edilib. Biz indi mümkün yeni görüşü müzakirə edirik”.
Prezidentin fikirlərinə münasibət bildirən Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə "Sherg.az"a açıqlamasında söyləyib ki, Azərbaycanın bir sıra Avropa ölkələrilə çox illik münasibətləri mövcuddur:
"Bununla yanaşı Avropa Birliyi ölkələrində Azərbaycanın xarici ticarəti 50 faizə yaxın rəqəmlə təmsil olunur. Həmin ölkələr arasında ən yaxın ticari nöqteyi-nəzərdən münasibətimiz olan İtaliyadır. Digər Şərqi və Mərkəzi Avropa ölkələri, Baltik dövlətlərilə də Azərbaycanın çox müsbət əlaqələri var. Hazırda Avropa birliyi ölkələrinin enerji təhlükəsizliyi və nəqliyyat sahəsində Azərbaycan çox böyük rola malikdir. Bu isə bizim qarşılıqlı maraqlardan irəli gələn iqtisadi münasibətlərdir".
A.Mollazadə qeyd edib ki, Azərbaycan hər zaman sülh istəyib:
"Azərbaycan dövləti bəzi Avropa ölkələrində erməni diasporasının bizə qarşı apardığı yalan kompaniyasını təbii olaraq qınayır. Avropa Parlamentində korrupsiyaya qurşanmış bir neçə siyasətçi var. Onlar erməni diasporasının maliyyəsindən bəhrələnərək Azərbaycana qarşı böhtan kompaniyası aparır. Amma bir sıra Avropa ölkələrində Azərbaycanın normal tərəfdaşları var. Biz Avropa İttifaqının üzvü olmaq istəmirik, amma bir iqtisadi partnyor kimi Azərbaycan bu istiqamətdə tərəfdaşlıqda maraqlıdır".