“Qərbin aldatmaq bacarıqlarına dair çoxlu nümunələr var. Heç istəmirəm ki, erməni xalqı bir daha guya onların dostu olan qərbli “dostları” tərəfindən aldadılsın”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlər üçün keçirilən brifinqdə News.ru agentliyinin müxbirinin Ermənistanın Qərblə hərbi-texniki sahədə əməkdaşlığına, Fransanın İrəvana “Bastion” zirehli texnikası tədarük etməsinə dair ünvanladığı suala cavab olaraq olaraq deyib.
Fikrini davam etdirən M.Zaxarova vurğulayıb ki, Fransanın Ermənistana verdiyi “Bastion”lar qeyri-likvid hərbi texnikadır.
Rusiyalı diplomat qeyd edib ki, Qərb ermənilərə qəlp, oyuncaq zirehli maşınlar soxuşdurur.
“Əgər Ermənistanda indiki hakimiyyətə bağlı olan KİV bu məlumatı təhrif etməsəydi, antijurnalistika fəaliyyəti ilə məşğul olmasaydı, öz ölkələrinin xalqına sitatlarla və birbaşa nitqlə tanış olmağa imkan versəydi, yəqin ki, Qərb ölkələri tərəfindən erməni xalqına saxta texnikaların sırındığı anlaşılardı. Nəyə görə saxta? Ona görə ki, müxtəlif ölkələrin istehsalı olan bu qarmaqarışıq hərbi texnika heç vaxt müdafiə qabiliyyətini artırmağa kömək etməyib. Bu ki aydındır”, - deyə M.Zaxarova bildirib.
Zaxarovanın fikirlərinə münasibət bildirən siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a vurğulayıb ki, Rusiya, Qərb, və Fransa arasında Cənubi Qafqaz uğrunda rəqabət gedir:
"Hər iki tərəf regional maraqları üçün bölgənin ən zəif bəndi olan Ermənistandan istifadə etməyə çalışır. Eyni zamanda hər iki ölkə Ermənistanı öz tərəfinə çəkmək istəyir. Onların Ermənistandan istifadə etmək cəhdləri təsadüfi deyil. Çünki bunu Azərbaycan üzərindən həyata keçirə bilməzlər. Yəni onlar Azərbaycana bata bilmirlər. Ona görə də həm Rusiya, həm də Qərb Ermənistan üzərində eyni siyasətdən istifadə edir. Hər iki ölkə Ermənistana qarşı gah təzyiqlər göstərir, digər tərəfdən isə müəyyən vasitələr ilə şirnikləndirirlər".
Ekspert qeyd edib ki, Fransa Ermənistanın vasitəsilə regionda suları bulandırır və bir növ katalizator rolunu oynayır:
"Rusiya isə bu cür açıqlamalarla Ermənistana demək istəyir ki, Fransa dövləti öz maraqları üçün Nikol Paşinyan hakimiyyətini qurban verir və heç zaman onlara təstək göstərməyəcək. Yəni Rusiya bir növ Fransanı Ermənistanın gözündən salmağa çalışır. Çünki Rusiya dövlətində başa düşürlər ki, Paris və İrəvan əlaqələrinin inkişafı Ermənistanın Moskvadan uzaqlaşmasına səbəb olur. Artıq bu gün Nikol Paşinyan Rusiya əleyhinə açıq-aydın bəyanatlar verir. Bu isə təbii olaraq Şimal qonşumuzun narahatlığına səbəb olur. Çünki Rusiyanın Ermənistan vasitəsilə regionda qurduğu təsir dairəsi zəifləyir. Yəni sözügedən açıqlamalar Fransanı Ermənistanın gözündən salmağa və rəsmi Parisin regiondakı destruktiv mövqeyini ifşa etməyə hesablanıb. Eyni zamanda Rusiya belə bəyanatlar ilə gələcəkdə Paris və İrəvan əlaqələrini zəiflətmək istəyir"