Kremldən mesaj: Sərhədləri Rusiya təyin edəcək?

Rusiya Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsi üçün lazımi kartoqrafik materialları verməyə hazırdır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Moskva İrəvan və Bakı nümayəndələrinin sərhəddə son görüşünü alqışlayır. Rusiya Federasiyası sərhədin demarkasiyası prosesinə hər cür dəstəyi verməyə hazırdır, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı ilə görüşündə təsdiqləyib”, - Zaxarova bildirib.

Zaxarovanın fikirlərinə münasibət bildirən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a söyləyib ki, əvvəla Putinin Valdaydakı nitqinə nəzər yetirmək lazımdır:
"Həmin zaman hələ Xankəndi boşaldılmamışdı və ermənilərin öz müqəddəratını təmin etmək üçün müəyyən şansları var idi. Putin ermənilərə öz taleyinizi təyin etmək istəyirsinizsə, ya Paşinyana  dəstək verməlisiniz, ya da Rusiya tərəfində olan güclərin  hakimiyyətə gəlməsi üçün kömək etməlisiniz şəklində mesaj göndərdi. Bu çağırışa isə Ermənistan ictimaiyyəti neqativ cavab verdi. Nəticə olaraq Rusiya Ermənistanda mövqeylərini itirmiş oldu. İndi isə Rusiya tərəfi növbəti dəfə həm Ermənistana, həm də Azərbaycana Zaxarova vasitəsilə mesaj göndərir.  Yəni demək istəyirlər ki, bizim əlimizdə olan xəritələrə əsasən kimin sərhədlərinin harada başlayacağı və bitəcəyi təyin olunacaq".

Ekspert qeyd edib ki, Rusiyanın Ermənistan iqtidarına təsir göstərmək gücü qalmayıb: 
"Sadəcə olaraq iqtisadi cəhətdən təsir edə bilər. Çünki Ermənistan iqtisadiyyatının böyük bir hissəsi Rusiyaya aiddir. Böyük ehtimalla Azərbaycanın təklif etdiyi sülh müqaviləsində Rusiyanın köhnə Sovet xəritələrində göstərdiyi delimitasiyası və demarkasiyası nəzərdə tutulub. Bu şansı da əlindən itirəcək Ermənistan iqtidarı və ictimaiyyəti başda Qaragöl ətrafındakı ərazilər  olmaqla torpaqların bir hissəsini Azərbaycana təhvil verməyə məcbur qalacaq. Beləliklə Rusiya tərəfi növbəti dəfə Ermənistana kömək əlini uzadır. Amma Nikol Paşinyan yenə də buna mənfi reaksiya verəcək və Avropaya yönəlik fəaliyyətinə davam edəcək".