Moskva ilə İrəvan arasında “silah məsələsi” həll oluna bilər və Rusiyanın öz prinsiplərinə, eləcə də imzalanmış sənədlərə sadiq qaldığını göstərmək şansı var.
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Lakin bu, heç bir halda Ermənistanın öz təhlükəsizliyini təmin etmək qərarına təsir etməyəcək. Əgər öhdəliklər yerinə yetirilmirsə və onların yerinə yetirilməməsi faktdırsa, Ermənistan maraqlarını qorumalıdır, burada başqa fikir ola bilməz”, - o bildirib.
Qeyd edək ki, İrəvan bundan əvvəl bildirmişdi ki, Rusiya onlara vəsaitlərin köçürüldüyü müqaviləyə əsasən silah və hərbi texnika tədarük etməyib. Paşinyan isə qeyd edib ki, bu vəsaitin bir hissəsi üçün Rusiyaya olan borcun silinməsi məsələsi üzərində iş gedir.
Simonyanın sözlərinə münasibət bildirən politoloq Natiq Miri "Sherg.az"a bildirib ki, erməni spiker bu cavabı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın danışıqlarda Azərbaycanın konstruktiv Ermənistanın isə qeyri-konstruktiv durduğunu açıqladıqdan sonra verib:
"Simonyanın fikirləri Ermənistana haqq qazandırma xarakteri daşıyır. Eyni zamanda Rusiya dövlətini ittiham edən açıqlamadır. Çünki Ermənistanın müdafiyəyə ehtiyacı olduğu təqdirdə strateji müttəfiqi Rusiyanın onlara yardım etməməsi və paralel olaraq pulu ödənilsədə Şimal qonşumuzun silahları Ermənistana təhvil verməməsini irəli sürərək münasibətlərin pisləşməsində rəsmi Moskvanı gunahkar göstərmək istəyirlər. Alen Simonyan bu fikirlər ilə Rusiyanın öz müttəfiqini müdafiə etmədiyi təqdirdə Ermənistanın təhlükəsizlik sistemini və bu yöndə maraqlarını şaxələndirməsinə ehtiyac duyduğunu bildirib. Ermənistan təhlükəsizliyini Rusiya təmin etmədiyi üçün onlar alternativ tərəf axtarışına çıxıb. Nikol Paşinyanın yeni alternativ tərəfdaş tapması təbii haldır, çünki Ermənistanın dövlət marağı bunu tələb edir. Yəni bu Rusiya və Ermənistanın növbəti söz duelidir. Eyni zamanda bu hələ də iki dövlət arasındakı siyasi gərginliyin açıq göstəricisidir və ölkənin mövqeyini ortaya qoyur. Çünki dövlət siyasəti olmasa Mariya Zaxarova başından böyük açıqlamalar verməz. Digər tərəfdən Rusiya və Ermənistan rəhbərliyi körpüləri tamamilə yandırmaq istəmir. Kreml hələ də ümid edir ki, Ermənistan Qərbin onlarla bağlı təhlükəsizliyinə təminat verə bilməyəcəyini anlayacaq. Bu məsələlərə yeganə təminat verəcək ölkə isə Ermənistanın ənənəvi müttəfiqi olan Rusiyadır. Nikol Paşinyan isə Moskvanın gözləntilərini hələ də doğrultmur".