Ermənistanın baş naziri Nikol Paşinyan ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Ermənistan-Qazaxıstan münasibətlərinin gündəliyinə aid məsələlər müzakirə edilib. İki ölkə arasında əlaqələrin inkişafında qarşılıqlı maraq, iqtisadi və digər sahələrdə əməkdaşlıq potensialının reallaşdırılmasının zəruriliyi vurğulanıb.
Bildirilir ki, N.Paşinyan Tokayevi Ermənistana rəsmi səfərə dəvət edib. Qazaxıstan Prezidenti də dəvəti qəbul edib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Turan Rzayev bildirib ki, Qazaxıstan Prezidentinin Ermənistana səfər üçün Nikol Paşinyanın dəvəti normal haldır:
"Çünki prinsip etibarilə hər iki ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür və Avrasiya İttifaqında da bir yerdədilər. Yəni Qazaxıstan Ermənistan arasında hərbi, iqtisadi və.s sahalərdə əməkdaşlıq mövcuddur. Bundan başqa dövlətin ikisi də keçmiş SSRİ-i ölkələridir. Bu baxımdan onlar arasında münasibətlər tarixi 70 ildən artıqdır. Təbii ki, Qazaxıstanla Azərbaycanın münasibətləri Ermənistanla müqayisədə daha üstündür. Çünki burada din, etnik amillər və tarixi mədəni əlaqələr öz sözünü deyir. Eyni zamanda Azərbaycan və Qazaxıstan bir-birlərinə görə xüsusi çəkiyə malik mühüm ölkə sayılırlar. Hər iki ölkə Türk Dövlətləri Təşkilatında (TDT) biryerdədirlər. Həmçinin, Qazaxıstanın Avropa bazarına çıxışı Azərbaycan vasitəsilədir. Qazaxıstanla Ermənistan hazırda münasibətlər o qədər də pis deyil. Xüsusilə də 44 günlük müharibə dövründə Qazaxıstan dövləti neytral mövqedə qalmağı seçdi. KTMT üzvü olmasına baxmayaraq rəsmi Astana proseslərdə tərəf tutmadı. Bu belə özlüyündə Qazaxıstanın hər iki ölkəyə baxış bucağını göstərir".
Ekspert qeyd edib ki, Qazaxıstan Prezidentinin Ermənistana səfərindən Azərbaycanla bağlı hansısa neqativ hal doğuracağını düşünmür:
"Qazaxıstan müstəqil ölkədir və yeritdiyi siyasət ən az Azərbaycan qədər balanslıdır. Eyni zamanda,o, çətin coğrafiyada yerləşir. Qazaxıstan Rusiya və Çin kimi super güclərin arasında öz mövcudluğunu qorumağa çalışır. Azərbaycana buna görə də Qazaxıstanı çox yaxşı başa düşür. Biz Xəzəryanı ölkələrik və bir çox geosiyasi və siyasi müstəvidə təmsil olunuruq. Əslində Azərbaycan, Ermənistan əlaqələrinin normallaşması üçün Qazaxıstan kimi ölkələrin fəaliyyəti və irəli sürəcəkləri təkliflər müsbət amildir. Yəni Qazaxıstan region dövlətidir və bölgə münaqişələrində vasitəçi qismində çıxış edə bilər. Qazaxıstan Prezidentinin səfəri çərçivəsində iki ölkə münasibətlərinin gələcək prespektivləri müzakirə edilə bilər və hərbi sahədə əməkdaşlığın aparılması mümkündür. Eyni zamanda Ermənistan hakimiyyəti Qərb yönümlü siyasət yürüdür, Qazaxıstan isə daha çox Rusiyaya yaxınlığı ilə seçilən ölkədir. Putinin müəyyən xahişlərini Tokayev Nikol Paşinyana çatdıra bilər. Səfər zamanı Şimal qonşumuzun formatında keçiriləcək görüşlərdə Paşinyanın iştirak etməsinin də müzakirə olunma ehtimalı var".