Yeni dünya nizamı: Qlobal güclərin mübarizəsi davam edir

Dünya kardinal dəyişikliklər dövrünə qədəm qoyub.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
 "Ancaq güclü və suveren ölkə ayaqda qala bilər”, - o bildirib.
Rusiya lideri qeyd edib ki, sakit sığınacaq sayılan Avropa yurisdiksiyaları artıq bu formasını itirib:
“Burada “özüm və yad” prinsipi fəaliyyət göstərir və “yadların” soyulması mümkündür”.

Putinin açıqlamasına münasibət bildirən politoloq Aytən Qurbanova "Sherg.az"a söyləyib ki, beynəlxalaq münasibətlər sistemindəki anarxiya, ikili standartlara əsaslanan yanaşmalar, dondurulmuş münaqişələrin yenidən aktiv fazaya keçməsi, qüvvələr balansının dəyişməsi və bir sıra başqa amillər aydın şəkildə sübut edir ki, artıq köhnə dünya nizamı mövcud deyil:

"Təbii olaraq bu anarxiya şəraitində kim güclüdürsə, o da haqlıdır prinsipi hökm sürür. Digər tərəfdən isə yeni formalaşmaqda olan dünya nizamında daha güclü şəkildə təmsil olunmaq uğrunda qlobal güclər arasında davam edən şiddətli mübarizənin də şahidi oluruq. Hərbi-siyasi və ideoloji bloklaşma fonunda dünya fərqli qütblər arasında mübarizə meydanına çevrilib. Belə bir şəraitdə hər qütb “özüm” və “yad” prinsipi əsasında addım ataraq beynəlxalq hüququ və ədalətli yanaşmanı gözardı etməkdən belə çəkinmir. Ona görə də, əməkdaşlıqdan daha çox rəqabətə fokuslanmış qütbləşmə dövrünü ən doğru şəkildə elə məhz bu nöqteyi-nəzərdən xarakterizə etmək mümkündür".